
1999 Avroviziya Mahnı Müsabiqəsi — sayca 44-cü Avroviziya Mahnı Müsabiqəsidir. Dana International-ın ifa etdiyi “Diva” adlı mahnı ilə 1998 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1999-cu ildə İsrail ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsrailin paytaxtı Qüds şəhərində Beynəlxalq Konvensiya mərkəzində keçirilmişdir. Müsabiqə 1999-cu ilin 29 may tarixində baş tutmuşdur. Şounun sonunda 1979 Avroviziya Mahnı Müsabiqəsində ev sahibi İsraili təmsil edən Qali Atari “Hallelujah” mahnısının ingilis versiyasını Balkan müharibəsi qurbanlarını yad etmək məqsədi ilə ifa etmişdir. Balkan regionunda baş verən hadisələrə görə həmin illərdə Serbiya və Monteneqronun Avroviziyada iştirakına icazə verilmirdi.
1999-cu ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş yeddi ölkə Finlandiya, İsveçrə, Macarıstan, Makedoniya, Rumıniya, Slovakiya və Yunanıstan müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Avstriya, Bosniya və Herseqovina, Danimarka, İslandiya və Litva əvəz etmişdir. Bu dörd illik fasilədən sonra müsabiqəyə dönən Litvanın Avroviziyada ikinci iştirakı idi. Avstriya, Bosniya və Herseqovina, Danimarka və İslandiya isə bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır.
Ümumilikdə 23 ölkənin iştirak etdiyi Avroviziya 1999-da İsveç təmsilçisi Şarlotta Nilsson ifa etdiyi “Take Me to Your Heaven” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1991-ci ildə Karolanın təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə dördüncü qələbəsi idi.
Maraqlı faktlar:
1999-cu ildə Fransa, Almaniya, İspaniya və Böyük Britaniyanın ən böyük büdcə ayıran Avropa Yayım Birliyi üzvləri olaraq beş illik orta qiymətlərindən asılı olmayaraq hər il avtomatik olaraq iştirak etməsinə qərar verildi.
Orkestr 1999-cu ildə mütləq olmayan bir tələb halına gəldi ki, bu da müsabiqə tarixində ilk dəfə arxafonda hazır musiqi ilə çıxışlara öz töhfəsini verdi.
Kipr təmsilçisi müsabiqədə ən böyük favoritlərdən biri olsa da nəticədə cəmi 2 xal olaraq 22-ci olmuşdu.
Müsabiqənin sonunda ötən ilin qalibi Dana International ilin qalibinə kuboku vermək istədikdə kubok ağır olduğu üçün götürə bilməyib yıxılır.