
1998 Avroviziya Mahnı Müsabiqəsi— sayca 43-cü Avroviziya Mahnı Müsabiqəsidir. Katrina and The Waves pop-rok qrupunun ifa etdiyi “Love Shine a Light” adlı mahnı ilə 1997 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1998-ci ildə Böyük Britaniya səkkizinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Böyük Britaniyanın Birminhem şəhərində Birminhem arenada keçirilmişdir. Müsabiqə 1998-ci ilin 9 may tarixində baş tutmuşdur.
1998-ci ildə Avroviziyada son dörd ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Avstriya, Bosniya və Herseqovina, Danimarka, İslandiya və Rusiya müsabiqədən kənarlaşdırılmışdır. İtaliya isə könüllü şəkildə Birminhemdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Bu qərarla bağlı heç bir əlavə açıqlama verməyən İtaliya 2011-ci ilədək Avroviziyada iştirak etməmişdir. 1998-ci ildə müsabiqədən kənarlaşdırılan ölkələri isə Belçika, Finlandiya, İsrail, Makedoniya, Rumıniya və Slovakiya əvəz etmişdir. Bu Makedoniyanın Avroviziyada ilk iştirakı idi. Belçika, Finlandiya və Slovakiya bir illik, İsrail iki illik, Rumıniya isə üç illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır.
Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1998-də İsrail təmsilçisi Dana International ifa etdiyi “Diva” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Dana International yalnız müsabiqənin qalibi kimi deyil, eyni zamanda ilk transseksual iştirakçı kimi də Avroviziya tarixində izini qoymuşdur. Bu İsrailin Avroviziyada ümumilikdə üçüncü qələbəsi idi.
Müsabiqənin ya İsrail, ya Birləşmiş Krallıq, ya da Maltanın qazanacağını təxmin edən izləyicilər nəticəyə elə də təccüblənmədilər. Birləşmiş Krallıq müsabiqədə rekord sayda, 15-ci dəfə 2-ci oldu. Niderland isə 1975-dən bu yana ən yaxşı nəticəsini əldə edərək 4-cü oldu.
Maraqlı faktlar:
Müsabiqə tarixində yeniliyə imza atıldı və ölkənin təmsilçisi səhnədə ifasını başladığı andan bitənə qədər ekranda hansı ölkəni təmsil etdiyini göstərən yazı göründü.
İngiltərə təmsilçisi İmaani, müsabiqədə təmsilçi olan ilk qaradərili müğənni idi.