
1984 Avroviziya Mahnı Müsabiqəsi — sayca 29-cu Avroviziya Mahnı Müsabiqəsidir. Korinn Ermenin ifa etdiyi “Si la vie est cadeau” mahnısı ilə 1983 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1984-cü ildə Lüksemburq dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1984 ölkənin paytaxtı Lüksemburq şəhərində “Grand Théâtre” zalında keçirilmişdir. Müsabiqə 1984-cü ilin 5 may tarixində baş tutmuşdur.
1984-cü ildə İrlandiya bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin Lüksemburqda keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. İsrail ilə bərabər Yunanıstanda maliyyə çətinliklərini səbəb göstərərək, müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə İsveç təmsilçiləri “Herreys” qrupu ifa etdikləri “Diggi-Loo Diggi-Ley” adlı mahnı ilə qalib gəlmişdirlər. Bu sonuncu dəfə Avroviziyada 1974-cü ildə məşhur ABBA qrupunun təmsilində qalibiyyət əldə edən İsveçin müsabiqədə ikinci qələbəsi idi.
Maraqlı faktlar:
Ev sahibi Lüksemburq əvvəlcə uyğun bir arena tapmaqda çətinlik çəkdi. RTL, müsabiqəni kiçik Théâtre arenasında keçirmək qərarına gəldi lakin nəticədə yalnız VİP, mətbuat və hər bir ölkənin nümayəndə heyətinin üzvlərinə girişə icazə verildi.
Müsabiqənin aparıcısı Desirée Nosbusch həmin vaxt sadəcə 19 yaşında idi və indiyə qədərki ən gənc aparıcılardan biri olaraq tarixdə adı keçir.