
1982 Avroviziya Mahnı Müsabiqəsi — sayca 27-ci Avroviziya Mahnı Müsabiqəsidir. Bucks Fizz qrupunun ifa etdiyi “Making Your Mind Up” mahnısı ilə 1981 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1982-ci ildə Böyük Britaniya müsabiqəyə yeddinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Böyük Britaniyada yerləşən Harroqeyt kurortunda Harroqeyt Beynəlxalq mərkəzində keçirilmişdir. Müsabiqə 1982-ci ilin 24 aprel tarixində baş tutmuşdur. Müsabiqənin açılışında ilk öncə Avropanın xəritəsi, daha sonra isə zalda müsabiqədə iştirak edən ölkələrin dilində “Where is Harrogate?” (Harroqeyt haradır?) yazıları görünmüşdür.
Fransa son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1982-də iştirakdan imtina etmişdir. Yunanıstan da ilk öncə iştirak etməyi planlaşdırsa da, daha sonra maliyyə çətinliklərini səbəb göstərərək iştirakdan imtina etmişdir. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Almaniya təmsilçisi Nikol ifa etdiyi “Ein Bißchen Frieden” adlı mahnı ilə qalib gəlmişdir. Bu Almaniyanın Avroviziyada ilk qalibiyyəti idi. Onun mahnısı 4 fərqli dildən ibarət idi: alman, ingilis, fransız və niderland dilində. Qalib olduğu anı nə az nə çox 13 milyon insan canlı olaraq izləmişdi və bundan sonra ölkəsində yetərincə məşhur olmuşdur.
Maraqlı faktlar:
Finlandiya təmsilçisi sülh haqqında oxumağına baxmayaraq o müsabiqədə sadəcə 0 xal alaraq sonuncu olur.
Belçika təmsilçisi Stella 3-cü dəfə müsabiqədə iştirak edirdi. Bundan öncə 1970-də Niderlandı, 1977-də isə Belçikanı təmsil etmişdi.