Danışır İlkin Dövlətov – Avroviziya 2024 Azərbaycan

Bir çoxunuz onu “Səs Azərbaycan (Doğma Nəğmələr)”dan tanısa da ölkəmizdə 2000-lərin səs yarışması kimi böyük statusu olan “Azəri Star” yarışmasından gəldiyini bilirdiniz? Dövlətov haqqında tək bilmədiyiniz məqamın bu olmadığına əminik. Gəlin onu daha yaxından tanıyaq.

Ailəsində ondan öncə bir musiqiçinin olması İlkin və onun gələcək kariyerası üçün yetərincə təsir edib. O həddə ki, onun ilham mənbəyi də məhz atası olub.

YouTube player

Onun ifa etdiyi ilk mahnı hələ 4 yaşı olarkən “Qəlbimdə Qaldı” olub. Bu sualı hazırda 4 yaşı olan bir uşağa ünvanlasaq, cavabını eşitməyə hazır olmadığımızı nəzərə alaraq İlkinlə davam edirik. Onun bu istedadını kəşf edənin kimliyini öyrənmək bizə daha yaxşı gələcək:

Məktəb illərində məni kəşf edən “Musiqi” dərsini tədris edən Qılınc müəllim olub. 5-ci sinifdə məni Lövhə önünə çıxardıb “Eşitmişəm yaxşı səsin var. Bizə bir mahnı oxu” dedi və mən də “Şuşanın Dağları” mahnısını ifa etdim.

Bəzən bizlər üçün doğma anlayışı sadəcə dostlar və ailə üzvləri ilə sonlanmır. Eyni ilə İlkin üçün də bu hal belədir. O bildirir ki, uşaqlıqda “Toplan” adında iti var idi və o çox vəfalı idi. Onların birgə keçirdiyi 15 il o qədər xüsusi olub ki, bir anda yoxa çıxan “Toplan”dan sonra İlkin stress keçirib və təkrar heyvan sahiblənməyi bacarmayıb.

Avroviziya mahnı müsabiqəsindəki favoritiniz kimdir sualı sizə verilsə yəqin 1 ad çəkməkdə çətinlik çəkərdiniz. Sual əhatəsini azca kiçildib Azərbaycandan olan favoritiniz kimdir sualını ifaçıya ünvanlamışdıq ki, cavablar “Running Scared”, “When The Music Dies” və “Hold Me” kimi oldu.

Söhbət Avroviziyadan düşmüşkən… Nəzərə alsaq ki, namizədlərin hər biri bu yolun bir addımlığındadır, növbəti sualımız da yerinə düşər.

Təmsilçi kimi seçilsəniz, sevincinizi bölüşmək üçün ilk olaraq kimə zəng vuracaqsınız?

Çox yaxın dostum Adilə zəng vurardım. İllərdir ki, sevincimizi ilk olaraq bir-birimizlə paylaşırıq. Uğurumuzun böyük-kiçikliyindən asılı olmayaraq həm sevinir, həm də sevincdən gözlərimiz dolur. Bəlkə də qəribə gələcək amma bu dəfə də söz vermişik ki, əgər Avroviziya milli finalında mənim seçim xəbərimi eşitsək, ikimiz də hönkürtü ilə ağlayacağıq. Buna səbəb isə sadəcə çəkdiyimiz əziyyətlərin sevinc gözyaşları olacaq.

Ona Dövlətov deyə xitab ediləndə xoşuna gəldiyini bilirdiniz? Yemək mövzularında yetərincə iddialı cavab verən Dövlətovun ən sevimli yeməyi küftə bozbaşdır özüdə sarımsaq ilə. “Səni heç bir yeməyə dəyişmərəm… ☺️”

Uşaqlıq dövründən bu günə qalan ən maraqlı xatirələrimizdən biri də Novruz bayramıdır desək yanılmarıq. Spesifik adətləri ilə seçilən bu bayram onun üçün də sevdirən tərəfləri papaq atmaq və tonqaldan tullanmaq olub. “Hər Novruz Bayramı gələndə mən uşaqlığıma qayıdıram”.

Uşaqlığımızın bir digər tərəfi təbiiki cizgifilmləri izləməklə keçib. Bəzən hətta oradakı obrazları özümüzdə canlandırar və onlar kimi güclərimiz olsun istərdik. Bəs İlkin necə? Onun hər hansı supergücü olsa idi nə olsun istərdi görəsən?

“İstərdim ki, elə bir super gücüm olsun ki, müharibələrdə günahsız qətlə yetirilən körpələri və uşaqları dünyaya geri qaytara bilim”.

İlkin üçün 5 xanadan ibarət bir sual ünvanladıq ki, xanalar üzrə özünə uyğun olan variantı seçsin. Sualımız bu şəkildə idi. “Qorxu filminə çəkilsəydiniz, aşağıdakı personajlardan hansı olardınız?”

Cavabında isə bizi təəccübləndirmədi və daha öncəki suallarımızdaki cavablarına dəstək ola biləcək dərəcədə bir variantla “Çoxbilmiş xilaskar 🧑‍🔬” seçimini etdi.

Sonda isə namizədimizin izləyicilərimə 3 tövsiyyəsi var. 1 mahnı, 1 kitab və 1 film olmaqla onun sizə təklifləri bu şəkildədir:

Mahnı: Kimbra – Michael Jackson – “Earth Song”. Bu mahnıya qulaq asanda hər dəfə eyni hissləri keçirirəm.
Kitab: Məni tanıyanlar bilir ki, mən radikal insan deyiləm. Çox kitablar oxudum amma “Qurani Kərim” qədər insanı müalicə edən ikinci kitab görmədim.
Film: İnsanın son nəfəsinə qədər mübariz olması, onun qələbəsidir. “The Revenant” filmini tövsiyyə edərdim.

Nəzərə çatdıraq ki, İlkin Dövlətov Avroviziya yolunda tək deyil. Ona öz musiqisi ilə Etibar Əsədli, çılğın ruhu və özünəxas səsi ilə Mile Miles müşaiət edir. Onlar və digər 5 namizəd haqqında məlumatları isə gələn dəfəki yazımızda sizə təqdim edəcəyik. İndilik isə, xudafiz!

One thought on “Danışır İlkin Dövlətov – Avroviziya 2024 Azərbaycan

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading