Azərbaycan musiqi sənayesinə dəstək – Avroviziya nümayəndəlikləri Bakıya gəlir

Ölkəmizdə ilk dəfə Musiqi İndustriyası Platformasına start verilir. Azərbaycanın musiqi sənayesində mövcud olan imkanların və çağırışların müzakirəsi üçün ölkədə musiqi industriyasına öz töhfəsini verən insanların iştirakı ilə 2 günlük genişmiqyaslı forum keçiriləcək. 

Tədbirin əsas məqsədi son illərdə sözügedən industriyada mövcud olan trendlərin, hadisələrin müzakirə olunması, eləcə də musiqi sənayesinin inkişafı üçün potensial addımların müəyyən edilməsidir. 

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Yaradıcı Həftə” çərçivəsində baş tutacaq. 

Beləliklə, forumun ilk günündə (30 Noyabr) musiqi industriyasına bilavasitə əlaqəsi olan şəxslər 2 panel müzakirələrdə iştirak edib, diskussiya apara biləcəklər. 

Tədbir çərçivəsində əsas diqqət yetiriləcək müzakirə məsələləri daxili sənayenin inkişafı və Azərbaycan musiqisinin xarici platformalara çıxarılması və təbliğidir. Birinci prioritet məsələnin müzakirəsi üçün foruma tanınmış prodüserlər, ifaçılar və ölkədə musiqi industriyasında illərlə iz saxlamış insanlar dəvət olunub. 

Musiqimizin xarici platformalara çıxarılması mövzusu xarici ekspertlərin, musiqi industriyasında tanınmış şəxslərin və beynəlxalq musiqi layihələrində təcrübəsi olan mütəxəssislərin iştirakı ilə baş tutacaq. Məqsəd beynəlxalq təcrübəni araşdıraraq Azərbaycan musiqi sənayesinə tətbiq etməyin yollarını araşdırmaqdır. 

Tədbirin ikinci günü (1 Dekabr) “Avroviziya Mahnı Müsabiqəsi” ətrafında müzakirələr ilə müşayiət olunacaq. 

“Eurovision Talks” formatında baş tutacaq tədbirdə nəzərdə tutulan mövzular arasında Azərbaycanın müsabiqədəki qazandığı uğurlar, gələcək yarışmalarda daha uğurlu nəticə əldə etməyin yolları və ümumiyyətlə beynəlxalq mahnı yarışlarının ölkəmizdəki musiqi industriyasının inkişafına təsiri yer almışdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə” çərçivəsində baş tutacaq “Musiqi İndustriyası Platforması”ın koordinatoru sözügedən layihəyə daha öncədən Avroviziya mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyyətinə rəhbərlik etmiş İsa Məlikovdur və tədbir məhz onun təşəbbüsü ilə baş tutur.

Sözü gedən forumda iştirak edəcəklər sırasında isə Avroviziya mahnı müsabiqəsində öz sözünü demiş bir sıra şəxslər iştirak edəcək:


Stig Karslen (Norveç nümayəndə heyətinin rəhbəri, TV prodüsseri)

Tali Eshkoli (İsrail nümayəndə heyətinin mətbuat katibi)

Ilias Kokotos (Yunanıstan – Prodakşın rəhbəri)

Dimitris Kontopoulos (Musiqi yazarı – Yunanıstan)

Tony Cornelissen (Musiqi yazarı – Niderland)

Həmçinin, aşağıdakı simaların da iştirak edəcəyi bildirilir:

Sevda Ələkbərzadə

Pərviz İsaqov

Etibar Əsədli

Elşad Xose

Orxan Ağayev (“DJ Pancho”)

Nəzərə çatdıraq ki, iştirak tam ödənişsiz şəkildə izləyicilərimizə təklif olunur və rahatlıqla 1 dekabr tarixində Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbirdə iştirak edə bilərsiniz.

Leave a Reply