Hər bir Avroviziya azarkeşi üçün 1 sentyabr tarixinin nə qədər önəmli olduğunu artıq demək olar ki, hamı bilir.
Çünki, Avropa Yayım Birliyinin qərarına əsasən hər il 1 sentyabr tarixindən etibarən iştirakçı ölkələr öz mahnılarını yayımlaya bilərlər. Bu da Avroviziya sezonunun rəsmi olaraq başlaması deməkdir.
Hər bir iştirakçı ölkənin Avroviziyaya göndərdiyi mahnının sözləri və musiqisi orjinal olmalı, üç dəqiqədən çox olmamalı və ən əsası cari ilin 1 sentyabr tarixindən əvvəl kommersiya məqsədi ilə yayımlanmamalıdır.
Bəs qarşıdan gələn Avroviziya 2024-lə bağlı nələr məlumdur?
İsveç Birləşmiş Krallıqda əldə etdiyi yeddinci qalibiyyətdən sonra ev sahibi olmağa haqq qazandı.
Tender prosesi yayımçı kanal SVT tərəfindən aparıldı və dörd İsveç şəhəri qısa siyahıya düşdü. Nəticədə isə Malmö şəhəri tenderin qalibi olaraq Avroviziya 2024-ə ev sahibliyi etmək hüququnu əldə etdi.
Avroviziya 2024-ün keçiriləcəyi məkan olaraq isə İsveçin ikinci ən böyük qapalı arenası olan Malmö Arena seçildi.
Avroviziya 2024-də nə kimi yeniliklər var və ya nələr ola bilər?
Hələki AYB tərəfindən rəsmi olaraq açıqlanmış yenilik yoxdur. Lakin mediada dolaşan bəzi xəbərlərə görə, AYB münsif səsləri üzərində çalışır və münsif səslərinin nəticəyə təsirinin azaldılması gündəmdədir. Ötən müsabiqənin nəticələrindən sonra ictimaiyyət tərəfindən gələn reaksiyalar onu deməyə əsas verir ki, xəbərin doğruluq payı yüksəkdir, lakin hələ rəsmi deyil.
Bundan başqa bir neçə qeyri-rəsmi xəbərlər də var ki, bunların da aqibəti önümüzdəki aylarda bəlli olacaq.
Avroviziya 2024-də hansı ölkələr yarışacaq?
Hal-hazırda rəsmi olaraq 28 ölkə Avroviziya 2024-də iştirakını təsdiqləyib. Rəsmi iştirakçıların siyahısı isə gələn ay AYB tərəfindən açıqlanacaq.
Aşağıda iştirakını təsdiqləyən ölkələr qeyd olunub:
- Albaniya – (RTSH);
- Avstriya – (ORF);
- Azərbaycan – (İTV);
- Belçika – (RTBF);
- Kipr – (CyBc);
- Danimarka – (DR);
- Estoniya – (ERR);
- Finlandiya – (YLE);
- Fransa – (France 1);
- Almaniya – (NDR);
- İslandiya – (RÚV);
- İrlandiya – (RTÉ);
- İsrail – (KAN TV);
- İtaliya – (RAİ);
- Litva – (LRT);
- Lüksemburq – (RTL);
- Malta – (PBS);
- Moldova – (TRM);
- Niderland – (AVROTROS);
- Norveç – (NRK);
- Portuqaliya – (RTP);
- San Marino – (SMRTV);
- Serbiya – (RTS);
- İspaniya – (RTVE);
- İsveç – (SVT);
- İsveçrə – (SRG SRR);
- Ukrayna – (UA:PBC);
- Birləşmiş Krallıq – (BBC);
Avroviziya 2024-dən çəkilən ya da iştirak etməyən ölkələr var?
Andorra, Bosniya və Herseqovina və Slovakiya 2024-cü ildə Avroviziyaya qatılmayacaqlarını təsdiqləyiblər.
Rusiya və Belarusiya isə məlum səbəblərdən ötürü müsabiqəyə qatılmayacaq.
Daha əvvəl Avroviziyaya qatılıb, amma hələki ictimaiyyətə məlumat verməyən ölkələr bu şəkildədir:
- Ermənistan;
- Polşa;
- Avstraliya;
- Yunanıstan;
- Rumıniya;
- Xorvatiya;
- Latviya;
- Sloveniya;
- Çexiya;
- Bolqarıstan;
- Şimali Makedoniya;
- Monteneqro;
- Monako;
- Türkiyə;
- Macarıstan;
- Mərakeş.
Qeyd edək ki, siz yeni mövsümdə bizi nələrin gözlədiyinə rəsmi saytımızın “Təqvim” bölməsinə daxil olmaqla nəzər yetirə bilərsiniz.