Bu gün hər birimiz üçün doğma olan İctimai Tv-nin yaranmasının 18 ilidir. 2005-ci ilin məhz bu günü İTV ilk dəfə olaraq canlı yayımlanmağa başladı. Yayımlandığı dövrdən hər kəsin rəğbətini qazanmış telekanal müxtəlif yaş qrupları üçün bir-birindən maraqlı və rəngarəng proqramları ilə digər kanallardan fərqlənməyi bacarmışdır.
Kanal dünya trendlərini daim izləyərək qlobal miqyasda şöhrət qazanmış xarici verliş və müsabiqlərin lisenziyalarını alaraq Azərbaycan televiziyasına yeni nəfəs gətirmişdir. Elə Avroviziya mahnı müsabiqəsi də bu qəbildəndir.
İlk dəfə olaraq 2006-cı ildə ölkəmizdə məhz İctimai televiziya müsabiqəni yayımlamışdır. 2007-ci il 5 İyul tarixində kanalın Avropa Yayımları Birliyinə (EBU) üzv olması ilə Azərbaycanının musiqi tarixində yeni səhifə açıldı. 2008-ci il 2 fevral tarixində İTV Heydər Əliyev sarayında “Land of Fire” adlı milli seçim turunu təşkil etmişdir. Elə həmin seçim turunda qalib gələn Elnur və Samir sözləri Zəhra Bədəlbəyli, musiqisi Gövhər Həsənzadəyə məxsus “Day After Day” adlı mahnı ilə müsabiqədə debüt edərək 8-ci yeri qazanmağı bacarmışdır. 2014-cü ilə qədər İctimai Tv hər il milli seçim turu təşkil edərək ölkəmizi təmsil edəcək şəxs və mahnını tamaşaçıların iştirakı ilə müəyyən edirdi. Kanalın yayımçı olduğu müddət ərzində ölkəmiz kifayət qədər uğurlu nəticələr göstərmişdir. 2014-cü ildən seçim strategiyasını dəyişən kanal daxili seçimlərə müraciət edərək təmsilçi və mahnının müəyyən olunmasını ictimaiyətə qapalı formada aparmışdır.
Avroviziyadan əlavə bir sıra lisenziyalı əyləcəli verlişlər yayımlayan kanal “61”, “Səs Azərbaycan”, “Camaat nə deyər” və s. bu kimi verlişlərlə də insanların könlünü oxşamağı bacarmışdır. İlk dəfə 2020-ci ildə “Səs Uşaqlar” adı ilə başlayan vokal müsabiqəsi ölkədə böyük marağa səbəb olmuşdur. Bir-birindən istedadlı uşaqların milli və xarici mahnıları ustalıqla ifa etməsi tamaşaçıların marağına və alqışına səbəb olmuşdur. Müsabiqənin ikincisi Sona Əzizova Fransada keçirilən Uşaq Avroviziya 2021 müsabiqəsində ölkəmizi “One Of Those Days” adlı mahnı ilə təmsil edərək 5-ci yeri tutub. Qeyd edək ki, Sonanın nəticəsi ölkəmizin müsabiqədəki ən uğurlu nəticəsidir.
“Səs Uşaqlar” müsabiqəsindən sonra isə yeni sezonda azarkeşlər tərəfindən çox izlənən “Səs Azərbaycan” müsabiqəsi start götürdü. Müsabiqənin qalibi Nadir Rüstəmli ölkəmizi Avroviziyada təmsil etmək hüququnu əldə etdi. Keçən mövsümdə isə “Doğma Nəğmələr” adı ilə yayımlanan proqramda müxtəlif xalq, bəstəkar və milli mahnılar oxundu. Yeni sezonun ikinci yarısında isə yenidən “Səs Uşaqlar”ın yayımlanması ehtimal edilir. Bundan əlavə, yeni mövsümdə “Maska” beynəxalq musiqili şou proqramı İctimai Tv-də yayımlanacaq.
“12xal” da ölkənin ilk və ən məşhur Avroviziya bloqu, sarının bir parçası olmaqdan qürur duyur, komandamız adından İctimai televiziya rəhbərliyini və bütün kanal işçilərini ürəkdən təbrik edir, onlara işlərində müvəffəqiyətlər arzu edirik. Gələcəkdə əməkdaşlığımızın və birgə nailiyyətlətimizin artmasına ümid edirik.