Avropa Yayım Birliyi 67-ci Avroviziya Mahnı Müsabiqəsinin, 38 yayımçı kanalda 3 şou ilə birlikdə 162 milyon nəfər tərəfindən izlənildiyini açıqlayıb.
Ev sahibi Böyük Britaniyada böyük finalı orta hesabla 9,9 milyon nəfər izləyib ki, bu da keçən ilə nisbətən 12% artım deməkdir. Ukraynada 19,7% tamaşaçı payı əldə edilib.
Almaniyada yarışı ötən illə müqayisədə 14% artımla 7,4 milyon insan izləyib. Fransada yarışı ötən illə müqayisədə 10% artımla 3,5 milyon insan izləyib.
Avroviziya 2023-ün qalibi İsveçdə müsabiqəni 2,3 milyon insan izləyib. Finlandiyada müsabiqə 71% artımla 1,7 milyon tamaşaçı tərəfindən izlənilib ki, bu da ölkədə 2007-ci ildən sonra ən çox baxılan yarışma olub.
Bu il Avroviziyanı ən çox izləyən ölkə 98,7% ilə İslandiya olub. İzlənmə faizinə görə İslandiyanın ardınca 87,8% ilə Norveç, 85,6% ilə Finlandiya və 82,3% ilə İsveç gəlir.
50%-dən çox baxış faizinə malik olan ölkələr isə Ermənistan, Belçika, Kipr, Xorvatiya, Estoniya, İsrail, Litva, Sloveniya və ev sahibi ölkə Böyük Britaniyadır.
Bu ilki müsabiqə 2016-cı ildən sonra Avstriyada, 2015-ci ildən sonra isə Sloveniyada ən çox baxılan yarışma olub.
Müsabiqə daha gənc tamaşaçılar arasında populyar olduğunu bir daha sübut edib. 14-24 yaş arası gənclər (53,5%) üç şouya da ən çox baxan tamaşaçılar olublar.
Avroviziyanın rəsmi sponsoru TikTok-da üç şounu ümumillikdə 4,8 milyon insan izləyib.
Avroviziyanın rəsmi sosial media hesabları da bu il böyük bir izlənmə sayı əldə ediblər. TikTok-da iki həftə ərzində videolar 105 milyon baxışa çatıb.
Bu il Avroviziyanın rəsmi yutub səhifəsində müsabiqəni 232 ölkədən 45 milyon insan izləyib. Müsabiqəyə yutubda baxanların əksəriyyəti 16-34 yaş arasında olub.
Müsabiqə instaqramda 32 milyon izlənmə sayı əldə edib. Videolara 181 milyon dəfə baxılıb. Feysbukda baxış sayı 29 milyona çatıb. Üç şou zamanı tviterdə “Eurovision” sözü ilə 4 milyon tvit göndərilib.
Bu il müsabiqədə iştirak etməyən, lakin səsvermədə iştirak edən 144 ölkə olub.
Bu ölkələr arasında səsvermədə ən aktiv olan ölkələr ABŞ, Kanada, Kosovo, Lüksemburq, Yeni Zelandiya, Meksika, Macarıstan, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Çili olub.
Mənbə: AYB