TURALTURANX-İN FİRUZƏYİ XALI GEYİMİ İLƏ BAĞLI NÜMAYƏNDƏ HEYƏTİNDƏN BİR SIRA AÇIQLAMALAR VERİLİB

Azərbaycanın Avroviziya 2023 təmsilçisi TuralTuranX ötən gün Birləşmiş Krallığın Liverpul şəhərində baş tutmuş firuzəyi xalı mərasimində iştirak etmişdir.

Onların firuzəyi xalı geyimi xarici media və Avroviziya fanatları tərəfindən müsbət qarşılansa da, həmyerlilərimiz tərəfindən bunu demək bir az çətindir.

Azərbaycanın Avroviziya nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova bu kəskin münasibətlə bağlı Report.az saytına bir sıra açıqlamalar vermişdir. Onun sözlərinə görə:

“Onlar nə açıq-saçıq, nə də çılpaq xalıya çıxıblar. Tərz kiminsə xoşuna gəlməyə bilər, amma bu işə peşəkar baxır. Təmsilçilərimizin belə geyinməsi onun qərarı idi. Onların geyindiyi geyim, yarışmada çox gözəl qəbul olunub və yaxşı mənada müzakirə edilib. Biz hər yerdə qeyd edirdik ki, bu geyimlər Azərbaycanın yerli brendi “Parcha studio”ya aiddir və Aysel Sadıxovanın yaratdığı obrazlardır.

Xalıda diqqət cəlb etmək və zövqlü tərz göstərmək üçün düşünülüb və yaradılıb. Heç kəsin qeyrətinə toxunan geyim deyil, heç kimi təhqir etmir. Qadın geyimi olması iddiaları da qəribədir. Sosial şəbəkələrdə müsabiqənin auditoriyası bunu çox gözəl qəbul edib. Çünki onlar yaxşı başa düşürlər ki, “Avroviziya” incəsənətlə bağlı müsabiqədir. Onlar hərhansı siyasi veriliş və ya müsabiqəyə bu geyimdə çıxmayıblar. İncəsənət müsabiqəsində fərqlənmək vacibdir.”

Daha sonra isə o bu geyimin sadəcə firuzəyi xalı üçün nəzərdə tutulduğunu açıqlayıb:

“Geyim fərqlidir, bizim auditoriyanın öyrəşmədiyi bir geyimdir. Təmsilçilərimiz müsabiqənin əsas hissəsinə fərqli retro geyimində çıxacaqlar. Yəni həmin geyim sadəcə xalı üçün idi.”

Nəzərinizə çatdıraq ki, TuralTuranX 9 may tarixində baş tutacaq birinci yarımfinalda “Tell Me More” mahnısıyla 12-ci sıra nömrəsində çıxış edəcək.

Leave a Reply