67-ci Avroviziya mahnı müsabiqəsinin başlamasına artıq sayılı günlər qalıb. Aprel ayının 30-dan, may ayının 6-dək davam edəcək məşqlər isə yaxınlaşmaqdadır.
Nəticələri hər il təxmin etməyə çalışan mərc şirkətləri isə bu il məşqlərdən öncə ilk onluğunu artıq təyin etmiş kimi görünür.
Qeyd edək ki, təcrübələrə əsasən hər il məşqlərdən sonra mərclərdə ciddi dəyişikliklər olur. Bəzi ölkələr ilk onluğu tərk etdiyi halda, bəzi ölkələr ilk onluğa daxil olur və hətta məşqlərdən əvvəl yarımfinalda qalacağı düşünülən mahnılar finala keçir.
Bu ilki Avroviziyada məşqlərdən öncə mərclərdə son vəziyyət bu şəkildədir:
- 10 – İtaliya;
İtaliya Çexiyanın ilk onluq mərclərini tərk etməsi ilə birlikdə ilk onluğa daxil olub. Hal-hazırda 2% qalibiyyət faizi qoyulan mahnının aqibəti məşqlərdən sonra bəlli olacaq.
- 9 – Birləşmiş Krallıq;
Ev sahibi Birləşmiş Krallığı bu ilki Avroviziyada təmsil edən Mae Mullerin aprel ayı ərzindəki canlı çıxışlarından sonra ölkə bir qədər mərclərdə gerilədi, lakin hələ də ilk onluqda qalmaqdadır. Hal-hazırda 2% qalibiyyət faizi qoyulan mahnının aqibəti Maenin canlı performansından asılı olacaq.
- 8 – Avstriya;
Yayımlandığı ilk andan etibarən fanlar tərəfindən olduqca sevilən və mərclərdə də yüksəlişə keçən Avstriya 2% qalibiyyət faizi ilə mərclərdə ilk onluqda yer alır. Teya və Salenanın qalibiyyət əmsalı mərclərdə 15-41 arasında dəyişir.
- 7 – İsrail;
İsrailin ən populyar müğənnilərindən olan Noa Kirelin “Unicorn” adlı mahnısı mərclərdə 2% qalibiyyət faizi ilə ilk onluqda yer alır. Son dəfə 2018-ci ildə qalibiyyət əldə edərək ilk onluqda qərarlaşan İsraili Noa Kirel ilk onluğa yenidən qaytara bilər. Noanın qalibiyyət əmsalı 15-34 arasında dəyişir. Müğənni əgər səhnədə gözləntini qarşılaya bilsə, mərclərdə yüksəlmə ehtimalı böyükdür.
- 6 – İspaniya;
Fransanın ani yüksəlişi ilə ilk beşliyi tərk edən İspaniya üçün hələ də mübarizə davam edir. Ötən il Chanellə uzun illərdən sonra ilk üçlüyə daxil olan İspaniya bu il də mərclərdə 5% qalibiyyət faizi ilə ilk onluqda yer alır. Blanca Palomadan böyük gözləntilər var və əgər bu reallaşarsa ölkənin mərclərdə yüksəlməsi an məsələsidir.
- 5 – Norveç;
MGP-nin finalından sonra dərhal mərclərdə ilk beşliyə daxil olan Norveç hələ də mərclərdə ilk yüksək pillədə yer alır. “Queen Of Kings” hal-hazırda mərclərdə 5% qalibiyyət faizi ilə mərclərdə ilk onluqda, hətta ilk beşlikdə yer alır.
- 4 – Fransa;
Son günlər mərclərdə sürətlə yüksələn isim Fransa oldu. Hal-hazırda ölkə 5% qalibiyyət faizi ilə mərclərdə ilk beşlikdə yer alır.
- 3 – Ukrayna;
Bir neçə ay öncə mərclərə liderlik edən Ukrayna güclü rəqibləri ücbatından 3-cü sıraya qədər gerilədi və qalibiyyət faizi düşməkdə davam edir. Ötən ilin qalibi ölkə mərc şirkətlərinə görə bu il də qalib olmaq üçün ideal namizəddir. Hal-hazırda 7% qalibiyyət faizi ilə mərclərin ilk üçlüyündə yerləşən ölkənin qalibiyyət faizi günü-gündən düşür və yaxında Fransanın Ukraynanı mərclərdə keçəcəyi düşünülür.
- 2 – Finlandiya;
Şüphəsiz bu sezonun qalibiyyətə ən yaxın olan mahnılarından biri məhz Finlandiyaya məxsusdur. Mərclərdə xalq səsverməsinin qalibi kimi göstərilən “Cha Cha Cha” 17% qalibiyyət faizi ilə mərclərdə ikinci sırada yer alır.
- 1 – İsveç
Avroviziya 2012 qalibi Loreenin Melodifestivalen 2023 qalibiyyətindən sonra İsveç mərclərdə ilk sıraya yerləşdi. Hər gün qalibiyyət faizi artan ölkə hal-hazırda 44% qalibiyyət faizi ilə müsabiqənin qalibi kimi göstərilir. Bu son illərdə mərclərdə məşqlərdən əvvəl bir ölkəyə qoyulan ən böyük qalibiyyət faizi göstəricisidir.
Mərclərin yanılma ehtimalı hər zaman var. Lakin, son illərin statistikası onu göstərir ki, mərclər qalibi və hətta ilk üçlüyü belə düzgün təxmin edə bilib. Məşqlərdən sonra mərclərdə daha düzgün bir fikirin formalaşacağı gözlənilir.