İslandiyanı Avroviziya 2023 mahnı müsabiqəsində 1981-ci ildən bəri baş tutan “Söngvakeppnin”in qalibi Diljá “Power” adlı mahnı ilə təmsil edəcək.
20 yaşlı Diljá Pétursdóttir 2002-ci ildə İslandiyanın Kópavogur şəhərində dünyaya göz açıb. Onun musiqiyə marağı uşaqlıqdan yaranıb. Müğənninin sözlərinə görə, o, çox diqqət çəkməyi və artistlik etməyi sevən bir uşaq olub. Qonaqlar gələrkən müxtəlif obrazlara girərək mahnılar oxuyub.
Müğənni məşhurluğu “Ísland Got Talent” verilişinə çıxaraq qazanıb. 2020-ci ildə Danimarkanın Kopenhagen şəhərinə köçən müğənni burda musiqi savadını daha da artırıb. Bu dövrdə səhnədən uzaq qalmayan müğənni müxtəlif müsabiqələrdə iştirak edib.
2023-cü ilin yanvar ayında “Söngvakeppnin 2023″də iştirak edəcəyi açıqlanan müğənni seçim turunda “Power” adlı mahnını ifa edib. Diljá mahnını bəstəkar Pálmi Ragnar Ásgeirsson ilə birgə yazıb. Pálmi müğənnini 2 il əvvəl kəşf edib. Bacarıqlarına heyran qalan bəstəkar müğənninin sevgilisi Danielə yazaraq onları tanış etməsini istəyib.
Milli seçim turunda birinci yarımfinaldan finala yüksələn müğənni finalda da uğurlu olaraq superfinal mərhələsinə yüksəlib.
Həmin mərhələdə “OK” adlı mahnı ilə yarışan Langi Seli og Skuggarnirə qalib gələrək İslandiyanı Avroviziya 2023-də təmsil etmək hüququ qazanıb.
İslandiya Liverpulda keçiriləcək 67-ci Avroviziya 2023 mahnı müsabiqəsində ikinci yarımfinalın birinci yarısında çıxış edəcək.
Mənbə: ruv.is/eurovision.tv