Avroviziya mahnı müsabiqəsində müxtəlif illərdə Azərbaycanı təmsil etmiş üç şəxs üçün 3 mart tarixi xüsusi gün olacaq. Bunlar arasında 2022-ci il təmsilçimiz Nadir Rüstəmli, 2018-ci il təmsilçimiz Aisel (AYS) və 2014-cü il təmsilçimiz Dilarə Kazımova yer almaqdadır.
Günü xüsusi edən isə hər 3 təmsilçinin eyni gündə olan mahnı təqdimatıdır.
2022-ci ildə ölkəni Avroviziyada təmsil etmiş Nadir Rüstəmli ardıcıl olaraq 3 mahnıdan sonra duet işi olaraq ifaçı Sivva ilə birgə “Əbədi Sevgi” adlı mahnını təqdim edir.
Sözləri Ruslan Karslı, musiqisi isə Nadirin duet ortağı Sivvaya məxsus mahnıya çəkilən ekran işinin rejissoru Əli Fərhaddır. 1 mart tarixindən etibarən Youtube-da klipi təqdim edilən mahnı 3 mart tarixindən etibarən də musiqi platformalarında yayımlanacaq.
Mahnı təqdimatına hazırlaşan bir digər Avroviziya ulduzumuz isə Dilarə Kazımovadır. Bir zamanlar Avroviziyada məşəlini, alovunu yandır deyən Kazımova indi isə “Alov” adlı mahnı ilə dinləyicilərini sevindirir.
Digər iki təmsilçidən fərqli olaraq Avroviziya 2018 təmsilçimiz Aiselin mahnı və klip təqdimatı ilə yanaşı Albom təqdimatı da məhz bu gün baş tutacaq.
Öncəliklə 15:00-dan etibarən Xəzər FM radiosunda “ON” adlı albomun təqdimatı baş tutacaq, ardıyca alboma daxil olan “Qaradan Qara” adlı mahnı klipi ilə birgə Youtube-da yayımlanacaq, sonda isə alboma daxil olan bütün mahnılar musiqi platformalarında əlçatan olacaq.
Nəzərə çatdıraq ki, Aisel ən sevilən və yeni albomunda yer alan mahnılarını 8 mart tarixində “Elektra Events Hall”da baş tutacaq olan konsert zamanı ifa edəcək. Biletləri şəhərin bütün kassalarından yaxud iticket.az saytından əldə edə bilərsiniz.