Latviya milli finalı “Supernova 2023” qalibi Sudden Lights qrupu “Aijā” adlı mahnısı ilə Latviyanı Avroviziya 2023-də təmsil edəcək.
Sudden Lights qrupu 2012-ci ildə Latviyanın paytaxtı Riqada yaradılmış Latviya indie rok qrupudur. Qrupun üzvləri Andrejs Reinis Zitmanis (solist), Mārtiņš Matīss Zemītis, Kārlis Matīss Zitmanis (gitar) və Kārlis Vārtiņšdən ibarətdir.
Qrup 2015-ci ildə Riqa 1 nömrəli Dövlət Gimnaziyasında baş tutan müsabiqənin qalibi olublar və elə həmin ildə ilk mahnıları olan “Tik Savādi”ni yayımlayıblar.
Qrup 22 sentyabr 2017-ci ildə 10 mahnıdan ibarət “Priekšpilsētas” adlı ilk albomunu buraxıb. 2018-ci il 12 aprel tarixində isə qrupun öz təşkilatçılığı ilə elə albomun mahnılarının da yer aldığı ilk konserti baş tutub.
Qrupun Avroviziya yolu isə elə 2018-ci ildə başlayıb. Qrup ilk dəfə Latviya milli finalı “Supernova”ya 2018-ci ilin əvvələrində “Just Fine” adlı mahnıları ilə qatılmış və nəticədə ikinci olmuşdular.
11 oktyabr 2019-cu ildə qrupun “Vislabāk ir tur, kur manis nav” adlı ikinci albomu işıq üzü görüb. Daha sonra üçüncü albomlarını isə 2022-ci ildə buraxıblar.
2023-cü ildə isə Sudden Lights qrupu yenidən şanslarını sınamaq üçün “Aijā” adlı mahnıları ilə Latviya milli finalı “Supernova 2023″ə qatılır və nəhayət qalib olur.
Latviya Avroviziya 2023-də birinci yarımfinalın, birinci hissəsində çıxış edəcək.
Mənbə – Wikipedia / LTV