Fransanı 67-ci Avroviziya mahnı müsabiqəsində kanadalı müğənni La Zarra “Évidemment” adlı mahnı ilə təmsil edəcək.
La Zarra 1997-ci ildə Kanadanın Monreal şəhərində dünyaya gəlib. Əsil adı Fatima Zahra Hafdidir. Onun ailəsi əslən Mərakeşdəndir.
La Zarra məşhurluğu 2016-cı ildə reper Niro ilə oxuduğu “Prin temps Blanc” mahnısı ilə əldə edib. Mahnı indiyədək YouTube-da 21 milyon baxış sayı əldə edib.
La Zarra əldə etdiyi məşhurluğu 2021-ci ildə çıxartdığı ilk sinqlı “Tu t’en Iras” ilə daha da artırıb. Mahnı işıq üzü gördüyü andan etibarən fransız radiolarında tez-tez çalınıb. Bundan əlavə, bu mahnıdan sonra müğənni Fransanın aparıcı musiqi mükafatları olan “NRJ Awards”da “Francophone ilin kəşfi” mükafatına namizəd göstərilib.
Bundan sonra müğənni 3 dekabr 2021-ci ildə ilk albomu “Traitrise”ni çıxarıb.
12 yanvar 2023 tarixində Fransanın yayımçı kanalı La Zarranın ölkəni Avroviziya 2023-də təmsil edəcəyini təsdiqləyib. Xatırladaq ki, La Zarra Fransanı Avroviziya mahnı müsabiqəsində təmsil edən ikinci kanadalı müğənnidir. Bundan əvvəl kanadalı məşhur müğənni Natasha St-Pier ölkəni Avroviziya 2001 mahnı müsabiqəsində təmsil edərək 4-cü yerdə qərarlaşıb.
16 fevral tarixində isə, yayımçı kanal La Zarranın ifa edəcəyi mahnının “Évidemment” olduğunu açıqlayıb. Mahnının özü isə, 19 fevral tarixində yayımlanıb.
Qeyd edək ki, Fransa Avroviziya mahnı müsabiqəsində “Böyük beşlik” ölkələrindəndir. Bu səbəbdən də, ölkə birbaşa 13 may tarixində baş tutacaq finalda çıxış edəcək.
Mənbə: Eurovision.tv/Eurovoix/ njr.fr