Kipri Liverpulda keçiriləcək sayca 67-ci Avroviziya mahnı müsabiqəsində Avstraliya əsilli müğənni Andrew Lambrou “Break A Broken Heart” mahnısı ilə təmsil edəcək.
Andrew Lambrou 25 yanvar 1998-ci ildə Avstraliyanın Sidney şəhərində dünyaya göz açıb. Andrew-nun babası Kiprin Pafos şəhərindəndir.
Onun müsiqiyə marağı hələ uşaq ikən yaranmışdır. Andrew-nun bu istedadını görən anası onu 5 yaşındaykən musiqi məktəbinə yazdırıb. O, 2013-cü ildə Evanesence qrupunun “My immortal” mahnısını ifa edərək Youtube kanalında paylaşmış və video qısa müddətdə viral olmuşdur.
2015-ci ildə müğənni bəxtini “X-Factor Avstraliya”da yoxlamış lakin canlı yayımlanan turlara çatmadan ələnib. İlk sinqlı – “Throne”-u 2021-ci ildə çıxaran müğənninin mahnılarında nə qədər qaranlıq elementlər olsa da, həmişə pozitiv mesajlara sahib olublar.
2022-ci ilin fevral ayında Andrew Lambrou “Electrify” mahnısı ilə Avstraliyanın milli finalı “Eurovision – Australia Decides”da iştirak edib. Fanatlar tərəfindən sevilən mahnı müsabiqədə 7-ci yerdə qərarlaşıb.
17 Oktyabr 2022-ci ildə Kiprin yayımçı kanalı CyBC Andrew Lambrou-nun ölkəni Avroviziya 2023 mahnı müsabiqəsində təmsil edəcəyini açıqlayıb. Elə həmin ay müğənni Kiprin və Yunanıstanın aparıcı musiqi şirkəti Panic Records-la müqavilə imzalayıb.
Fevral ayında OGAE Cyprus tərəfindən təşkil edilən partidə iştirak edən müğənni Avroviziyada ifa edəcəyi mahnının adının “Break a Broken heart” olduğunu açıqlayıb.
Mahnının yazılması üçün qurulmuş komandada Avroviziyaya yad olmayan iki isim var. Onlardan biri Jimmy Jansson-dur. O, illərlə Melodifestivalen, EMA, Dansk Melodi Grand Prix, Beovizija, Melodi Grand Prix və Benidorm Fest kimi milli seçim turları üçün mahnılar yazıb. 2020-ci ildə onun bəstələdiyi “Yes” mahnısı Danimarkanı təmsil etmək üçün seçilib.
Digər isim isə, Avroviziya 2013 mahnı müsabiqəsinin qalibi olan “Only Teardrops” mahnısının bəstəkarlarından Thomas Stengaard-dır. O, bu mahnıdan əlavə “El Diablo” (Kipr 2021), “You Let Me Walk Alone” (Almaniya 2018) və “Adrenalina” (San Marino 2021) kimi mahnıların da ərsəyə gətirilməsində iştirak edib.
Mahnı 2 martda yayımlanıb. Qeyd edək ki, Kipr Avroviziyada 11 may tarixində yayımlanacaq ikinci yarımfinalın birinci yarısında çıxış edəcək.
Mənbə: Eurovision.tv/Eurovoix/OGAE Cyprus