İsrailin tanınmış pop müğənnilərindən olan Noa Kirel bu il İsraili Avroviziyada “Unicorn” adlı mahnısı ilə təmsil edəcək.
Noa Kirel Raanana şəhərində Aşkenazi-Sefarad yəhudisi və Mizrahi (Mərakeş-yəhudisi) əsilli ailədə anadan olub.
O, ailəsinin hər zaman ən kiçik üzvü olub və özündən böyük iki qardaşı var. Noanın atası Barlan Sənaye Parkında yerləşən şüşə idxalı şirkəti “Glassco Glass”ın baş direktorudur.
Noa Kirel ilk debüt sinqılını 14 yaşında təqdim edir və yayımladığı ilk mahnısı “Medabrim?” İsraildə yetərincə məşhurlaşır.
Daha sonra müğənni “Killer” adlı ikinci studiya sinqılını yayımlayır. Mahnıya çəkilən təxribat xarakterli klipindən dolayı, Kirel yaşının az olmasına baxmayaraq İsraildə böyük səs-küyə səbəb olur.
Müğənni daha sonra ardıcıl olaraq “Rak Ata”, “Hatzi Meshuga”, “Bye Lahofesh” və “Ten Li Siman” adlı daha bir neçə mahnı yayımlayır.
2016-cı ildə Noa Kirel İsraildə “İlin uşaq müğənnisi” mükafatına layiq görülür və bunla da Noa daha da tanınmağa başlayır.
2017-ci ildə Noa Kirel, Sagi Breitner ilə birlikdə kidZ kanalında “Lipstar” adlı musiqi proqramının aparcılığını etməyə başlayır.
Bundan sonra müğənni aktiv olaraq bir sıra filmlər və seriallarda oynayır və albomlar, mahnılar yayımlayır.
Noa Kirel 2017-2021-ci illər ərzində Avropanın tanınmış mükafatlarından olan MTV mükafatları gecəsində “ən yaxşı israilli müğənni” kateqoriyasında mükafatlar alır.
2020-ci ilin sonunda isə Noa “Atlantic Records” ilə əməkdaşlıq bağlayır.
11 iyul 2022-ci ildə İsrail yayımçı kanalı KAN Tv tərəfindən Noa Kirel İsrailin Avroviziya 2023 təmsilçisi kimi açıqlanır və 10 avqust tarixində isə təsdiqlənir.
Noa Kirelin Avroviziya 2023-də səsləndirəcəyi mahnının adı “Unicorn” olub 8 mart tarixində yayımlanacaq.
İsrail Avroviziya 2023-ün birinci yarımfinalının, ikinci hissəsində çıxış edəcək.
Mənbə: Wikipedia / noakirel.com / MTV.