İspaniyanın Avroviziya 2023 mahnısının və təmsilçisinin seçildiyi “Benidorm Fest 2023″ün qalibi Blanca Paloma “Eaea” adlı mahnısı ilə Liverpulda keçiriləcək sayca 67-ci Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı təmsil edəcək.
Blanca Paloma 9 iyun 1989-cu ildə Elche’də doğulub və elə həmin şəhərdə də boya-başa çatıb.
İlk ali təhsilini “Miguel Hernández Elche” universitetində dizayner ixtisası üzrə alır və daha sonra 2013-cü ildə teatr sahəsində kariyera qurmaq üçün Madirdə köçür.
Blanca Paloma müğənnilikdən başqa, səhnə və geyim dizayneri olaraq da çalışır.
Musiqi sahəsinə isə ilk addımı elə “Benidorm Fest”də olur. Müğənni 2021-ci ildə ilk sinqılı olan “Secreto de agua”nı yayımçı kanal RTVE-yə göndərir və 10 dekabr 2021-ci ildə müğənni “Benidorm Fest 2022″yə qatılır.
Blanca Paloma ilk dəfə “Benidorm Fest 2022″nin birinci yarımfinalında çıxış edir və nəticədə 79 xalla 3-cü yerdə qərarlaşaraq ilk mahnısı ilə müsabiqənin finalına yüksəlir.
Finalda isə o, 61 xal toplayaraq nəticədə 5-ci yerdə qərarlaşır.
Daha sonra isə Blanca Paloma yenidən şansını sınamaq üçün 2022-ci ildə “Eaea” adlı mahnısını RTVE-yə göndərir və 2022-ci ilin dekabr ayında müğənni yenidən “Benidorm Fest”ə qatılır.
Müğənni 2 fevral 2023-cü ildə baş tutan “Benidorm Fest 2023″ün ikinci yarımfinalında çıxış edir və yarımfinalı birinciliklə tamamlayaraq finala vəsiqə qazanır.
Finalda isə 169 xal toplayaraq müsabiqənin qalibi olur və İspaniyanı Avroviziya 2023-də təmsil etməyə haqq qazanır.
İspaniya 13 may tarixində baş tutacaq Avroviziya 2023-ün böyük final gecəsində çıxış edəcək.
Mənbə: Wikipedia / RTVE