Bildiyiniz kimi Avroviziya 2023 mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təmsilçi və mahnı qəbulu həyata keçirən İctimai Televiziya və Radio Yayımları şirkəti 2 fevral tarixində müraciətlər arasında yer alan son 5 namizədi təqdim etdi.
Namizədlər arasında yer alanlar sırasında Azər Nəsibov da var. Əksər insanlar üçün o Rusiyada baş tutan “Səs Uşaqlar” layihəsindən tanışdır. Bəs Azər kimdir? Onun haqqında topladığımız məlumata gəlin birgə nəzər yetirək.
2000-ci iin 27 iyul tarixində dünyaya göz açan Azər Nəsibov müğənni və bəstəkardır. Moskva şəhərində yerləşən Qnessin adına Rusiya Musiqi Akademiyasında dövlət estrada və caz incəsənəti kollecini bitirib. Hələ 15 yaşı olarkən “Səs Uşaqlar” vokal şousunun Rusiyadaki versiyasına qatılmaq qərarı alır. Avroviziya 2008 qalibi Dima Bilan, o cümlədən, Pelageya və Leonid Agutinin yer aldığı layihənin hər 3 münsifini özünə tərəf döndərməyi bacaran Nəsibov nəticə etibarı ilə Pelageya deyərək onun komandasında layihəyə davam etdi.
Biri-birindən maraqlı nömrələr ilə çıxış edən Azər üçün layihə finalistlərin bəlli olduğu mərhələdə başa çatdı. Sözügedən layihə başa çatsa da o, bundan sonra digər musiqi və vokal yarışmalarına qatılmaq qərarına gəlir və qalib kimi ayrılır. Bakı şəhərində baş tutan “Zhara” və “Zima” festivallarında iştirak edib.
Öz yazdığı mahnıları tamaşaçılara təqdim edən ifaçı “Warner Music” və “Atlantic Records” kimi böyük musiqi leyblları ilə əməkdaşlıq edib. Hazırda isə ifaçı kimi Bakıda fəaliyyət göstərir və səhnələrdə çıxış edir.