Liverpulda keçiriləcək 67-ci Avroviziya 2023 mahnı müsabiqəsinin aparıcıları məlum olub.
Əvvəlcədən bildirildiyi kimi müsabiqənin aparıcıları həm Birləşmiş Krallığın, həm də Ukraynanın tanınmış simaları arasından seçilib.
Beləliklə, Avroviziya 2023 mahnı müsabiqəsinin böyük finalının aparıcıları aşağıdakı şəxslər olacaq:
- Graham Norton — komediyaçı, aparıcı və illərdir Birləşmiş Krallığın şərhçisi;
- Julia Sanina — Ukraynalı müğənni, HARDKISS qrupunun solisti;
- Hannah Waddingham — “Emmy” mükafat qazanmış aktrisa;
- Alesha Dixon — müğənni, mahnı yazıçısı və televiziya aparıcısı.
Müsabiqənin yarımfinallarında isə, sadəcə Julia, Hannah və Alesha üçlüsü aparıcılıq edəcək.
Ukraynalı aparıcı Timur Miroshnychenko Liverpulda Avroviziya müxbiri olaraq canlı şoularda iştirak edəcək. Bununla yanaşı Ukrayna şərhçilərinə arenadan canlı-canlı məlumatları ötürəcək. Sam Quek isə açılış mərasiminin aparıcılarından olacaq.
BBC kanalının şoular üzrə rəhbəri Kate Philips aparıcı heyətindən məmnunluğunu aşağıdakı sözlərlə ifadə edib:
“Bizi həqiqətən birləşdirən bir şey varsa o da musiqidir və biz komandamızla fəxr edirik. Onlar dünya musiqisinə, ifaçılıq və canlı yayıma Avroviziya aparıcılıq ailəsinin bir parçası olaraq bu işə çox bələddirlər”.