Albaniyada yetərincə məşhur olan və 61-ci dəfə baş tutan “Festivali i Këngës” yarışmasında iştirak edən Albina & Familja Kelmendi “Duje” mahnısı ilə sözügedən müsabiqənin qalibi seçilir və may ayında baş tutacaq Avroviziya mahnı müsabiqəsində Albaniyanı təmsil etmək hüququ əldə edir.
Bir ailə olan bu qrupun yaranmasında əsas səbəbkar Albinadır. 1998-ci ildə Kosovada dünyaya göz açan Albina Kelmendi ilk başda klarnet və fortepiano təhsili alaraq ifa etməyə başlayıb.
Albina 2014-cü ildə baş tutan “The Voice Albania” yarışmasına qatılır və böyük finala qədər yüksəlməyi bacarır. Ümumi nətcələrə görə qalib gəlməsə də layihəni 2-ci olaraq tamamlayıb. Bundan sonra müxtəlif musiqi və səs müsabiqələrinə qatılan Albina 2022-ci ildə “Nana Loke” adlı ilk albomunu təqdim edib.
Ailəsi ilə birgə qrup şəklində oxumaq qərarı alan Albina “Duje” mahnısı ilə Avroviziya mahnı müsabiqəsində Albaniyanı təmsil edəcək. Mahnının sözləri Eriona Rushiti, musiqisi isə Enis Mullaj tərəfindən ərsəyə gəlmişdir. Hansı ki, onlar 2019-cu ildə Albaniyanı müsabiqədə təmsil edən Jonida Maliqinin “Ktheju Tokës mahnısının da müəllifi olmuşdur.
Qeyd edək ki, Albaniya 11 may tarixində Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalında, ikinci hissədə çıxış edəcək.
Mənbə: Eurovision.tv / RTSH / Eurovoix.com