Öncədən məlumat verdiyimiz kimi Avroviziya 2023 daxili seçimlərində öz iştirakını bəyan edən artislərdən biri də Rauf Kingsley idi.
O seçimlərdə 3 mahnı ilə qoşulduğunu açıqlamış və mahnılar arasında yer alan “Sad Disco” qalibiyyətə layiq idi deyə bildirmişdi.
Dünən isə ifaçı Azərbaycanın Avroviziya təmsilçi seçimilə bağlı narazı qaldığı məqamları öz sosial şəbəkə hesablarından yayımlayaraq İctimai Televiziya və Radio Yayımları şirkətinə səslənib:
“Bildiyiniz qədəri ilə, mən Eurovision 2023 üçün mahnılar hazırlayıb Ictimai TV-nin daxili seçimlərinə göndərmişdim. Standartların üstündə bir səviyyədə aylarca çalışıb, böyük əmək sərf etmişdik.
Belə ki, bizim deleqasiya nümayəndələri, başda Eldar Qasımov və onun meneceri Omar Abdulkarim olmaqla, göndərilən heç bir sənətçinin mahnıları nəinki dəyərləndirilməyib, hətta shortlist-ə belə salınmayıb. Birbaşa olaraq Omar Abdulkarimin artist meneceri olduğu Mamagama qrupunu seçiblər. Seçməkdən əlavə, qrupu bir neçə gün əvvəl dağıdıb, xarici vətəndaş olan qrup üzvünü kənarlaşdırıb, 2 gün əvvəl bir gecə ilə qondarma qrup yaradaraq Eurovision-a göndərməyi planlayırlar.
Əlavə olaraq, öz yaratdıqları saxta shortlist-ə də əlavə olaraq 2-3 potensialsız artist əlavə ediblər ki, iş gördüklərini sübut etsinlər. Sonda həmin artistləri yola salıb, yenə öz qrupları ilə yollarına davam etməyi düşünüblər.
Əgər bunu belə etməyi planlamışdınızsa, o zaman niyə boşuna mahnı və sənətçi qəbulu açıq elan edib, yüzlərlə artist və mahnı qəbul etdiniz? Zatən qrup özü qalibiyyət məzmunlu postları 100% əmin kimi Noyabr ayından paylaşmağa başlamışdı.
Noyabr ayından etibarən qalibin kim olduğunu bilsə idik, dəyərli zamanımızı və əməyimizi artıq dərəcə biyabır bir seçimə xərcləməzdik. Bu elədiyiniz həm mənə, həm də mənim kimi yüzlərlə sənətçiyə artistik təcavüzdür.
Başda ölkə başçımız olmaqla, hər kəsə səslənirəm. Musiqi həyatdır, musiqi müqəddəsdir, musiqi birlikdir, musiqi ruhun qidasıdır. Musiqi ilə bağlı olan bir yarışmanı bu qədər çirkinləşdirmək olmaz.
Shortlist-in yenidən yaradılmasını, şəffaf və açıq şəkildə ən layiqli sənətçinin və mahnının ədalətli seçilməyini tələb edirəm.”
İfaçının Mamagama qrupu haqqında söylədikləri haqqında bilməyənlər üçün bildirmək istərdik ki, qrup üzvlərindən biri olan Roman Zee əslən rusdur və bir neçə gün öncə qrupa Romanın yerinə Allahverdi Hümbətli ilə Bəhruz Əfəndiyev gəlib.
Bu isə öz növbəsində öyrəşmiş olduğumuz Azərbaycanın Avroviziya prinsiplərinə uyğun bir addımdır. Hansı ki, ölkəni təmsil edəcək şəxsin xarici ölkə vətəndaşı olması müsbət qarşılanmır.
Nəticədə isə bir çox yerli Avroviziya icması tərəfindən ölkəni təmsil edəcək adın Mamagama qrupuna tuşlandığını təxmin etməyə başlamışdır.