Öncədən xəbər verdiyimiz kimi İctimai Televiziya və Radio Yayımları Şirkəti Avroviziya 2023 mahnı müsabiqəsi üçün artist və mahnı qəbulu elan etmişdi.
31 Dekabr tarixinədək davam edən müraciət qəbulunun nəticəsinə əsasən ölkəmizi təmsil edəcək şəxsin (şəxslərin) və mahnının adına aydınlıq gələcək.
Və nəhayət artıq qəbul başa çatdı. Ötən illərdən fərqli olaraq bu il rəsmi qaydada hər bir artist öz namizədliyini irəli sürə bildi və hər bir namizəd öz mahnısı ilə müraciət etmə şansı qazandı. Bununla yanaşı isə dünyanın 4 bir nöqtəsindən bəstəkar və söz yazarları öz bəstələrini təqdim etdi. Müşaiətimiz isə onu göstərir ki, yetərincə yerli ifaçılar öz mahnıları ilə kastinqlərdə iştirak üçün müraciət edib.
Bəs indi nə olacaq?
Hazırda qəbul başa çatıb. Bu isə o deməkdir ki, müsabiqənin Azərbaycandan olan nümayəndə heyəti ikinci mərhələyə başlayır. Heyət müraciət edən bütün namizədləri 1-1 araşdıracaq və ardıyca ən çox bəyənilənlərdən ibarət bir “shortlist” qurulacaq. Bundan sonra “Focus Group” adlandırılan və tərkibində müxtəlif peşədən olan yerli və xarici şəxslərdən ibarət münsiflər “shortlist”ə düşməyi bacaran mahnıları dəyərləndirəcək. Sonda münsiflərdən ən yüksək nəticə əldə etmiş şəxs ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil etmə hüququ əldə edəcək.
Müraciət edənlər kimdir?
Öz namizədliyini irəli sürən yetərincə şəxs olsa da, rəsmi olaraq namizədliyini ictimaiyyətə təqdim edən şəxsləri bir araya topladıq:
- Mamagama qrupu (“Dreamar”, “Oh My Love”, “River” və “Change The Rhythm” adlanan 4 fərqli mahnı ilə)
- Rauf Kingsley (Sad Disco)
- Əmrah Musayev və Humay Aslanova
- Lalə Zeynallı (Warrior of Fire)
- Sərxan Cəfərov
- Leyla Tağıyeva
[əlavə] Araşdırma
Artistlər öz mahnıları göndərdi ya da sadəcə öz namizədliyini irəli sürdü. Yaxşı, bəs bəstəkar və söz yazarları? Bu barədə rəsmi olaraq heç bir açıqlama etməsələr də biz bir neçə bu sahə üzrə Avroviziya mahnı müsabiqəsində çalışmış şəxslə əlaqəyə keçdik.
Aytən İsmixanova (Bəstəkar, söz yazarı və aranjimançı. Uşaq Avroviziya 2018 mahnımızın söz yazarı.)
“Mən bu dəfə iştirak etmədim. Çünki hər zaman xarici bəstəkarların mahnıları seçilib. Yeni heyətə isə uğurlar arzu edirəm. Ümid edirəm ki, seçim bizə uğur gətirən olacaq!“
Nəzərə çatdıraq ki, Aytən xanım bir neçə dəfə öz paylaşımları və rəyləri ilə “Səs Azərbaycan” layihəsinin finalistlərindən olan Leyla İzzətovanı Avroviziyada görmək istədiyini bildirmişdir.
Cavid Şahbazbəyov (Bəstəkar, söz yazarı və şair. Uşaq Avroviziya 2021 mahnımızın söz yazarı.)
“Böyük məmnuniyyətlə iştirak edərdim. Bir faydam olardısa, mənim üçün də çox şərəfli və maraqlı təcrübə olardı. Lakin bu il üçün bir qədər gec olar mahnı yazmaq. Amma “Səs Azərbaycan” layihəsinin iştirakçısı olmuş Könül Kərimova getsə yaxşı olar. Onun səsi, görünüşü və dil bilikləri buna imkan verir. Avroviziya bu il 2 qat məsuliyyətdir. Çünki bütün komandaya İsa Məlikov kimi peşəkarı əvəzləmək lazım olacaq. Bu iş geniş yanaşma tələb edir və düşünürəm ki, uğurlu namizəd bu işdə yardımçı ola bilər. Özüm hər zaman dəstək olmağa hazıram. Könül seçildiyi halda təxmin edirəm ki, ilk 5 yerdən birini əldə edəcək.”