Bir qədər öncə xəbər verdiyimiz kimi Avroviziya 2020, 2021 və 2022, eyni zamanda Uşaq Avroviziya 2021 mahnı müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri olmuş İsa Məlikov öz vəzifəsindən gedib.
Məlumatdan daha sonra isə keçmiş rəhbər öz sosial şəbəkə hesabından paylaşım edib və məsələ ilə bağlı öz fikirlərini bölüşüb:
“Dostlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bugündən etibarən “Avroviziya” müsabiqəsinin Azərbaycan deleqasiyasına rəhbərlik etmirəm. Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəsüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracam.
Gələn il, nəhayət ki, ilk müəllif konsertimi reallaşdırmağı planlaşdırıram. Yeni ildən dərhal sonra onun hazırlıqlarına başlayacam. Eyni zamanda, daha bir layihənin startı gözlənilir, amma bu hələ ki, sirrdir:)
İTV telekanalı və xüsusi ilə də kanalın rəhbərliyi ilə münasibətlərimiz möhtəşəm formalaşıb. İrəlidə bir çox planımız var və 2023-də xeyli maraqlı istiqamətlərdə çalışacağıq.
Azərbaycanın gənc komandasının hər bir üzvünə onların əzmkarlığına və fədakarlığına, daha çox və daha yaxşı iş görmək istəklərinə görə təşəkkür edirəm.
“Avroviziya” müsabiqəsində Azərbaycanı təmsil edən, birlikdə işlədiyim hər kəsə minnətdaram. Bu, mənə unudulmaz təcrübə və inanılmaz emosiyalar qazandırdı. Hər birinizin bu layihədə buraxdığınız dəyərli izi, özünüzün dəyərli parçası var. Amma, xüsusi ilə mənim ən sevdiyim təmsilçini, bizim “Junior Eurovision” rekordsmeni Sona Əzizovanı vurğulamaq istəyirəm. Əminəm ki, onun əsas uğuru hələ də qabaqdadır.
Deleqasiyanın yeni rəhbərinə və Avroviziya komandamıza parlaq artistlər, xit mahnılar, saysız-hesabsız “12 points” və yeni zirvələrin fəthini arzulayıram! May ayında sizə azarkeşlik edəcəyik!:)
Ən xoş və təmiz arzularla! ✌️”