İsveçrə yayımçı kanalı SRF, bildiyimiz üzərə bir neçə ay bundan öncə, Avroviziya 2023 təmsilçisini və mahnısını daxili seçim yolu ilə təyin edəcəyini söyləmişdi.
Qərarın ardından isə kanal 25 avqust – 8 sentyabr tarixlərində mahnı qəbulu həyata keçirdi.
Əvvəlki seçimlərdə olduğu kimi, bu seçimdə bir neçə mərhələdən ibarət olacaq. İlk olaraq bütün mahnılar iki münsif heyəti tərəfindən dəyərləndiriləcək.
Birinci münsif heyəti 100 nəfərdən ibarət İsveçrəli izləyicilərdən və fanlardan ibarət olacaq.
İkinci münsif heyəti isə 20 nəfərdən ibarət peşəkar musiqiçilərdən ibarət olacaq.
Dünən Rumıniyanın Avroviziya 2010 və 2014 təmsilçisi Ovi Yakobsen şəxsi Facebook hesabından bir şəkil paylaşaraq, İsveçrənin daxili seçimi üçün münsiflərdən biri olduğunu açıqlayıb. Bundan başqa müğənni ölkənin mahnısının artıq seçildiyini də paylaşımında qeyd edib.
Qeyd edək ki, bu seçim metodu İsveçrə tərəfindən 2019-cu ildən bəri tətbiq olunur. Kanalın verdiyi məlumata görə isə, ölkənin Avroviziya 2023 təmsilçisinin adı gələn ilin yanvar ayında ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, ölkəni ötən müsabiqə də Marius Bear “Boys Do Cry” adlı mahnısı ilə təmsil etmiş və finalda 78 xal toplayaraq 17-ci sırada qərarlaşmışdı.