2008-ci ildən Avroviziyaya qatılan Azərbaycan, 15 dəfə müsabiqədə ardıcıl olaraq iştirak etmişdir. Duetlər (2008, 2009, 2011) və təkrar qatılan iştirakçılar (Elnur Hüseynov, Efendi) daxil olmaqla bugünədək 16 ifaçı Azərbaycan adına müsabiqədə mübarizə aparmışdır.
Bugünkü araşdırmamızda 16 artistin Spotify musiqi platformasında aylıq dinlənmə sayına nəzər yetirəcəyik. Onu da nəzərə salaq ki, sözügedən musiqi platforması 2006-cı ildən fəaliyyətə başlasa da ölkəmizdə 2021-ci ildən etibarən istifadəyə verilmişdir.
Bəs bugünədək Avroviziya müddəti və sonrasında öz dinləyicisini qoruya bilənlər kimlərdir? Ən çox dinlənən Avroviziya təmsilçimiz hansıdır? Statistikanı sizə təqdim edirik:
2008-ci ildə “Day After Day” mahnısı ilə debüt edən Azərbaycan, Elnur və Samir dueti ilə fərqli obraz yaratmaqla yaddaşlarda qalmağı bacarmışdı. Günümüzdə isə adları çəkilən artistlərin Spotify statistikaları bu şəkildədir:
Samir Cavadzadə
Aylıq dinləyici sayı: 149
Elnur Hüseynov
Aylıq dinləyici sayı: 7660
2009-cu ildə müsabiqəyə qatılan Azərbaycan təkrar duet şəklində mübarizəyə qoşulur. Bu dəfə Aysel Teymurzadə və Arash ölkəni təmsil edir. Günümüzə qədər Azərbaycandan olub da ən çox dinlənən Avroviziya mahnısı olan “Always” ifaçılarının hazırda Spotify statistikaları nə yerdədir?
Avroviziyadan sonra öz kariyerasını davam etdirməyən Ayselin Spotify hesabı da görünən odur ki, oğurlanıb. Hətta “Always” mahnısı da onun profilindən silinib.
Aysel Teymurzadə
Aylıq dinləyici sayı: 26.781
Arash
Aylıq dinləyici sayı: 1.614.191
İl 2010 və ölkəni Avroviziyada 17 yaşlı Safura təmsil edir. Böyük sevgi toplayan və finalda 5-ci olan “Drip Drop” mahnısından sonra bir müddət musiqiyə ara verən ifaçı 2020-ci ildə “High on Your Love” mahnısı ilə təkrar mütəmadi mahnılar yayımlamış, 2021-ci ildə isə “Möcüzə” adlı albomu işıq üzü görmüşdür.
Safura
Aylıq dinləyici sayı: 16.952
Növbədə müsabiqədə ölkəmizə qələbə qazandıran Eldar və Nigar cütlüyüdür. 2012-ci ildən bəridir çoxlu sayda mahnılar reliz edən Eldarın hazırda ən populyar mahnısı 91.000-dən çox dinlənmə ilə “Until The End”dir.
Eldar Qasımov
Aylıq dinləyici sayı: 1.426
Nigar Camal platformada 2 profilə sahibdir. İlk profili Avroviziya dönəmi yaradılıb və burada “Play With Me” albomu yer alır. Digər profildə isə ilk reliz 2015-ci il olmuş, elə həmin albomda (“Herhalde”) yer alan “Talebe” mahnısı isə ən çox dinlənən (76.054) mahnılarından biri olmaqla, hazırki aktual mahnılar arasında da 2-ci yerdə qərarlaşmışdır.
Nigar Camal
Aylıq dinləyici sayı: 35979
Bakımızda baş tutan müsabiqədə özünəxas çıxışı ilə yadda qalan Səbinə Babayevanın hazırda da ən aktual mahnısı məhz “When The Music Dies” parçasıdır. 800.000 dinlənmə sayı.
Səbinə Babayeva
Aylıq dinləyici sayı: 4700
Uzun müddətdir musiqi kariyerasını donduran Fərid Məmmədovun Spotify hesabı da elə 2013-də qalıb. “Hold Me” mahnısının uğuru isə bugünədək davam edir desək, yanılmarıq. 1.404.765 dəfə dinlənilmiş mahnı Fəridin hazırda ən aktual mahnısıdır.
Fərid Məmmədov
Aylıq dinləyici sayı: 5640
Avroviziya sonrası kariyerasına davam edərək mütəmadi olaraq musiqilər yayımlayan Dilarə Kazımovanın da ən aktual 5 mahnısından 2-si Avroviziya mahnısıdır. “Start A Fire” və mahnının azərbaycanca versiyası.
Dilarə Kazımova
Aylıq dinləyici sayı: 2030
Ən çalışqan Avroviziya təmsilçilərimizdən biri olan və son illərdə fərqli üslubu ilə seçilən Samra 2015-ci ildən 2022-ci ilədək hər il üçün azı 1 mahnı ilə dinləyicilərini sevindirib.
Samra
Aylıq dinləyici sayı: 9363
Spotify üçün 2 fərqli profili olan Dihaj, təxmin edirik ki, Avroviziya sonrası yeni hesab açmalı olub. 2017-ci ildə Avroviziya üçün yaradılan artist hesabının şifrəsi ümid edirik tapılacaq. Əks halda ifaçı digər hesab üzərindən mahnıları yayımlamağa davam edəcək kimi görünür.
Dihaj
Aylıq dinləyici sayı: 14.367
Baxmayaraq ki, Avroviziyada finala vəsiqə qazana bilməyən yeganə təmsilçimiz Aiseldir, ən çox sinql və albom yayımlayan təmsilçimiz də odur. Bir müddət öncə səhnə adını AYS kimi təqdim edən ifaçı Avroviziya sonrası 20-dən çox sinql və 3 albom (1-studiya, 2-canlı ifalar) təqdim edib.
Aisel (AYS)
Aylıq dinləyici sayı: 10.373
“Yeni Ulduz”dan tanımağa başladığımız, gitarada ifaları ilə könülləri fəth edən və Avroviziyaya qədər gedən Çingiz Mustafayevin “Truth” mahnısı təəssüf ki, Spotify-dan silinib. Uzun müddətdir heç bir sinql buraxmayan ifaçı son dönəmlər öz musiqi üslubunda da dəyişiklik edib. Buna baxmayaraq isə, mahnıları dinlənməyə davam edir.
Çingiz Mustafayev
Aylıq dinləyici sayı: 11.015
2 ildir ardıcıl təmsilçi olmağı bacaran və yetərincə dinləyici toplayan Efendi Avroviziya sonrası 3 mahnı təqdim edib ki, hazırda yayımlamış olduğu mahnılar arasında ən aktual 5 mahnıdan 1-i məhz son təqdim edilmiş “Efendi” mahnısıdr.
Efendi
Aylıq dinləyici sayı: 188.654
Avroviziyada son dəfə ölkəmizi təmsil edən Nadir Rüstəmli müsabiqə sonrası “Lənətli Şəhər” adlı sinqlı Spotify-da yayımlayıb. 12.000-dən çox kliklənən ifa hazırda artistin aktual olan 2 mahnısından biridir. İlk sırada isə təbiiki, Avroviziya mahnısı 4 milyondan çox dinlənmə ilə “Fade To Black”dir.
Nadir Rüstəmli
Aylıq dinləyici sayı: 125. 475
Aylıq dinləyici sayına görə TOP 16 bu şəkildə olacaq:
- Arash – 1.614.191
- Efendi – 188.654
- Nadir Rüstəmli – 125.475
- Nigar Camal – 35.979
- Aysel – 26.781
- Safura – 16.952
- Dihaj – 14.367
- Çingiz Mustafayev – 11.015
- Aisel (AYS) – 10.373
- Samra – 9363
- Elnur Hüseynov – 7660
- Fərid Məmmədov – 5640
- Səbinə Babayeva – 4700
- Dilarə Kazımova – 2030
- Eldar Qasımov – 1426
- Samir Cavadzadə – 149
Bəs sən ən çox hansı Avroviziya təmsilçimizi Spotify-da dinləyirsən? Instagram səhifəmizdə baş tutan sorğuda sən də iştirak et!