Ötən gün İctimai Televiziya və Radio yayımları şirkəti yeni mövsümdə kanalın yayımlayacağı proqramlar, verlişlər və s. adlarını açıqladı. Açıqlanan verlişlər arasında isə 15 ildir İTV tərəfindən kəsintisiz şəkildə yayımlanan Avroviziyanın olmaması hər kəsin ağlında bir sual yaradıb. Ölkəmiz Avroviziyadan çəkilir?
Məsələ ilə bağlı İTV-nin direktor müavini Tural Sevdimalı Olay.az-a müsahibə verib. Kanal rəsmisi bununla bağlı hər hansısa bir məlumatın olmadığını söyləyib:
“Biz yeni televiziya mövsümü ilə bağlı açıqladığımız məlumatda heç də proqramda nəzərdə tutulan bütün verilişlər və layihələr haqqında məlumat verməmişik. Çünki həcm baxımdan məlumat çox geniş alınırdı. Həmin məlumat əsasən yeni layihələrdən, serialllardan, ilk dəfə nümayiş etdiriləcək filmlərdən və müəllif proqramlarından bəhs edir. Press-relizdə o da qeyd edilib ki, indiyədək İctimai Teleradioda çox izlənilən, ictimaiyyətin sevdiyi digər bütün verilişlər, layihələr və proqramların yayımı davam edəcək.
Avroviziya isə ənənəvi olaraq İctimai Telelviziyanın hər il yayımladığı beynəlxalq Mahnı Müsabiqəsidir. Bu yarışmanı İctimai TV Avropa Yayım Birliyinə üzv qəbul edildiyi 2007-ci ildən 1 il sonra, yəni 2008-ci ildən bəri hər il yayımlayır. Yəni bu məsələdə yeni bir xəbər yoxdur. Ona görə də, Avroviziyadan imtina haqqında iddialar tam yanlış və əsassızdır”.
Qeyd edək ki, ölkəmizi son dəfə müsabiqədə Nadir Rüstəmli “Fade To Black” adlı mahnısı ilə təmsil etmiş və finalda 16-cı yerdə qərarlaşmışdı.