İlin Avroviziya qalibi Ukrayna artıq Avroviziya 2023 təmsilçisinin seçim prosesi haqqında ictimaiyyəti məlumatlandırıb.
Yayım hüquqlarına malik UA:PBC kanalı ölkəni növbəti il təmsil edəcək olan şəxsi milli final vasitəsi ilə seçəcəyini açıqlayıb. Kanalın açıqlamasında qeyd olunur ki, artıq bir neçə ildir istifadə olunan və uğurlu hesab edilən milli final ilə ölkəni Birləşmiş Krallıqda təmsil edəcək şəxsin kimliyini təyin edəcək.

Artıq mahnı qəbuluna başlayan yayımçı kanal, qəbulun 15 oktyabr tarixində başa çatacağını da əlavə edib. Mahnıların Avroviziya standartlarına uyğun olmasını vurğulayan kanal, bundan əlavə olaraq isə rus dilində mahnıların qəbul edilmədiyini bildirib.
Eyni zamanda milli finalın dekabr ayında baş tutacağı da məlum olub.
“Bu il müsabiqənin musiqi prodüseri olmaqdan qürur duyuram. Avropaya toxunacaq və qalib mahnınızı yazmağınız üçün sadəcə iki ayınız var.” – Sözlərini milli finalın musiqi prodüseri Dmytro Shurov öz açıqlaması zamanı bildirib.