Monteneqro-nun bu ilki Avroviziya təmsilçisi Vladana İtaliyanın ev sahibliyindən narazı olduğunu söyləyib.
Müğənni müsahibəsində bildirib ki, Avroviziya təşkilatçıları bu il heç peşəkar deyil:
“Düzünü desəm, bu il “Avroviziya” ilə bağlı bəzi şeylər məni çox məyus etdi. Hamı mənə dedi ki, “Avroviziya” təşkilatçılıq baxımından əladır, amma elə deyil. Mənim paltarımda olan işıqlı dairəvi dekor hər kəsə sürpriz olmalı idi, amma insanlar bunu artıq məşq videosunda gördülər.
Bilmirəm bu problemlər kanaldan qaynaqlanır yoxsa AYB-dən, çünki bura İtaliyadır və italyanlar çox şeyi improvizasiya edir, hər şeyi son dəqiqəyə qoyurlar… Və görün nə oldu! Turinə gəlməzdən iki gün əvvəl kinetik günəşin nasaz olduğunu bildirən elektron məktub aldıq. Artıq işləmir, mən bunu qeyri-peşəkarlıq hesab edirəm”.
Müğənni orjinal səhnəsini AYB-yə göndərdiklərini, amma heç bir cavab almadıqlarını söyləyib. Əlavə olaraq müğənni Turinə gəldiklərində yalnızca istədiklərinin 5%-ni tapdıqlarını sözlərinə əlavə edib.
Qeyd edək ki, Vladana 12 may tarixində 2-ci yarımfinalın 2-ci hissəsində final uğrunda mübarizə aparacaq.