Ötən cümə günü Səs Azərbaycan layihəsinin final mərhələsində 12xal olaraq iştirakımız zamanı dəfələrdə Avroviziyada şərhçi olaraq fəaliyyət göstərən və müsabiqəni daim diqqətdə saxlayan layihənin 4 ustadından biri Murad Ariflə müsahibəmiz baş tutdu.
Səs Azərbaycan haqqında suallarımızla yanaşı Avroviziyadan danışan Murad Arif, “Layihədən Avroviziyaya ən uyğun namizəd” sualımıza bu şəkildə qarşılıq verib:
“Prodüser və müsabiqəyə bələd biri olaraq deyə bilərəm ki, Avroviziyaya kimin gedəcəyi deyil, necə bir mahnı ilə təmsil edəcəyi önəmlidir. Möhtəşəm bir səs və uğursuz bir mahnı da göndərmişik, eyni zamanda, zəif bir səs ilə çox hit mahnı ilə yüksək pillələrə qalxmışıq. Avroviziya ümumiyyətlə, diapazon savaşı deyil, idea, kreativlik, fərqlilik meydanıdır. “Səs Azərbaycan” müsabiqəsindən sizə iştirakçıların adlarını çəkə bilərəm hansı ki, Avroviziyalıqdır. Leyla İzzətova, Səbinə Quluzadə, Əmrah Musayev, Nadir Rüstəmli, Hidayət Əliyev, Ağamehdi Mirzəyev və ilk növbədə İlqar Niftiyev, hətta İlqar ilə Leylanın dueti. Amma bunu bizdən soruşan var, sizdən başqa?”
Sonda Avroviziya ailəsinə və bütün yerli Avroviziya azarkeşlərinə öz təşəkkürünü və sevgisini bildirən ifaçı maraqlı açıqlama da edib. “Bilirsinizmi “Avroviziya” ifadəsi kimin icadıdır? Bu mənə məxsusdur. 2006-2007-ci ildə İsmayıl Ömərov (keçmiş İTV rəhbəri) yaxınlaşıb “Buna ruslar “Евровидение”, ingilislər “Eurovision”, türklər bircürə deyir, biz necə deyək?” soruşub. Dedim, “İsmayıl müəllim, mənim təklif Avroviziyadır.” və nə yaxşı ki, də bugün dillərdədir bu kəlmə. Fəxr edirəm.”