KAMA KAMİLA: ÖZÜMƏXAS MAHNINI MUĞAMLA MİKS EDİB AZƏRBAYCANI AVROVİZİYADA TƏMSİL EDƏRƏM – MÜSAHİBƏ

Bildiyiniz kimi İsraildə yaşayan yarı Azərbaycanlı, yarı İsrailli olan Kama Kamila “X Factor Israel” yarışmasında iştirak edərək özünə xas çıxışı ilə ölkəmizdə, o cümlədən, İsraildə səs-küyə səbəb olmuşdu. İsraili bu ilin may ayında baş tutacaq Avroviziya mahnı müsabiqəsində təmsil edəcək şəxsin təyin olunduğu “X Factor Israel” yarışmasında Kamanın iştirakı 12xal olaraq bizim də nəzərimizdən qaçmadı.

Kamanın yarışmadaki çıxışı ilə bağlı Instagram səhifəmizdə edilən paylaşımdan sonra ölkədə bir çox media orqanları, KİV nümayəndələri və izləyicilər tərəfindən böyük maraq ilə qarşılandı.

Bunun ardıyca haqqında araşdırmalar etməyə başlayan komandamız “Kama Kamila kimdir?” başlıqlı bloq yazımız ilə yeni xəbər dərc etdi. Kamanı yaxından tanımaq istəyənlər, həmin xəbəri də buradan oxuya bilər.

İzləyicilərimiz üçün bu qədər maraqlı olduğu üçün Kama Kamila ilə yaxından əlaqəya keçdik və onlayn görüntülü müsahibə təklifi irəli sürdük. Təklifimizi qəbul edən Kamila Kamran Nəzərovun ünvanladığı bir neçə maraqlı sualı şəxsən cavabladı.

Müsahibəni izləmək üçün siz aşağıdakı videoya keçid edə bilərsiniz:

YouTube player

Müsahibədən seçilən hissələri isə sizə təqdim edirik:

Salam Kamila, necəsən? Özünü necə hiss edirsən?

– Əvvala, bütün Azərbaycana salam demək istəyirəm və sizinlə bu söhbəti elədiyimiz üçün də çox məmnunam. Azərbaycanın böyük fanatıyam, mən yarı Azərbaycanlıyam. Bu ölkə üçün çox darıxıram. Hələ də, hiss edirəm ki, bu ölkə mənim vətənimdir. 

Necə və niyə Avroviziya üçün namizədliyini verməyə qərar verdin? Ümumiyyətlə, özünüz Avroviziya izləyicisinizmi? 

– Mənim məqsədim, özümün iki vətənimi, iki dinimi, iki ana dilimi və iki kökümü sintez etmək idi. Azərbaycanı 30 il əvvəl tərk etmişəm, lakin, hələ də, konsertlərimdə Azərbaycan musiqisi, azəri köklərim barədə danışıram. Avroviziyaya getməklə daha böyük səhnədə, daha böyük kütləyə bu sintezi çatdıra bilərdim. Onlar məndən Avroviziya üçün ingilis dilində mahnı istədilər. Bununla belə, mən Azərbaycan muğamını ingilis dilində bir musiqi ilə birləşdirdim. Bu onları təəccübləndirdi və məndən niyə belə bir şey elədiyimi soruşdular. Dedim ki, bu Azərbaycan mədəniyyətini, musiqisini, qarışıq köklərimi çatdırmaq üçün daha böyük səhnədir, daha böyük izləyici kütləsidir. Bu mənim kimliyimdir. Mən yarı azəri, yarı yəhudiyəm. Biz köklərimiz olmadan kimik?! Kimik?! Bizi biz edən köklərimizdir, ənənələrimizdir. Hardan gəldiyini unutmamaq ən önəmli şeydir. Tam olaraq bu, Avroviziyaya getmək üçün məqsədim idi.

YouTube player

Bu cür gözəl cavab üçün təşəkkürlər. Bəs, Avroviziyanı adətən izləyirsiniz? Yoxsa bu sadəcə bu il baş verdi? 

– Yox, yox. Bu ilk dəfə idi. Düşünürəm ki, bunun üçün yetərincə yetişmişəm. Çünki, bu heç də asan təcrübə deyil. Jürilər, hansılar ki, böyük musiqiçilərdir, sənə alçaldıcı şeylər də deyə bilər. Onlar deyə bilər ki, sən hələ kifayət qədər yaxşı deyilsən və sən də buna inana bilərsən. Əgər sən kim olduğuna əminsənsə, bu böyük problemdir. Bundan sonra, uzun illərlə sakitliyə qərq ola bilərsən. Bu mənim başıma gəldi. Jürilərdən biri mənim yanaşmamı bəyənmədi. Dedi ki, niyə köklərini hər dəfə göstərməyə çalışırsan? Mən evimdən çıxandan sonra, heç vaxt bunu etmirəm. Bilirsiniz, o böyük musiqiçidir – Aviv Geffen, İsrailin bir nömrəsi hesab edilir. Mən isə cavabında ona dedim: “Çox təəssüf edirəm ki, siz bunu etmirsiniz. Əsliniz olmadan kimsiniz ki? Mənim nənəm qürurlu Azərbaycan qadını idi və həmişə evimdən, studiyamdan çıxanda kim olduğumu göstərəcəm. Çünki, mən bununla fəxr edirəm. 

Bəli, bəli. Tamamilə doğru vurğuladınız. Dediyiniz kimi, görürük ki, siz bəzən Azərbaycan dilində oxuyursunuz. Başqa bir ölkədə bunu etmək necə bir hisdir?

– Özümü çox şanslı hiss edirəm. Bildiyiniz kimi, 30 ildir buradayam. Biz Azərbaycandan 1991-ci ildə emiqrasiya etmişik. O vaxtlar orda qanlı müharibə gedirdi və çox ağlamışdım. Bütün ailəm Bakıda qaldı və təkcə anamla mən İsrailə gəldik. Atam hələ də, Bakıda yaşayır. Anlayırdım ki, yenidən bir olmağın tək yolu, ivrit və azərbaycan dilini bir albomda, bir konsertdə birləşdirməkdir. Sonra, “Mamaland” adlanan ilk albomumu hazırladım. Azərbaycan haqqında idi. Artıq uzun illərdir ki, mən bu albomla mütəmadi çıxış edirəm, öz qrupumla. Mən 46 saylı musiqi məktəbində təhsil alırdım, anam böyük pianistdir. Hətta, bu ilk albomum Azərbaycanda, konservatoriyada qeydə alınıb, Mansurov qardaşları ilə. Qrupumla birgə Tel-Əvivdən Bakıya gəlmişdik və bir neçə azərbaycanlı xalq musiqiçisi ilə birlikdə səsyazmaları elədik. Bu çox möhtəşəm bir təcrübə idi. Bütün bu albom Azərbaycanda, 5 il əvvəl qeydə alınıb. Hazırda ikinci albomumun üzərində işləyirəm və ümid edirəm ki, ictimaiyyət bunu bəyənəcək.

 Əminəm ki, insanlar bunu çox bəyənəcək. Keçək növbəti suala. Siz İsraili Avroviziyada təmsil etməyə çox yaxın idiniz. Bəs, əgər Azərbaycanı təmsil etmək təklifi gəlsə qəbul edərsinizmi? Və əgər cavabınız “hə”-dirsə, necə bir mahnı ilə təmsil etməyi düşünərsiniz?

– Ohh! Bu gözəl sualdır. Bəli, əlbəttə. Azərbaycanı Avroviziyada təmsil etmək istəyərdim. Mütləq ki, özüməməxsus bir mahnını muğam ilə miks etmək istəyərdim. Bu mənim üçün çox önəmlidir. Gələn il, Azərbaycana gəlmək istəyirəm və peşəkar muğamı öyrənmək istəyirəm. Hiss edirəm ki, bu özümü ifədə etməyim üçün sehirli çox güclü bir metod olar. 

Çox maraqlı, həqiqətən,çox möhtəşəm olardı. Bildiyim qədər, 3 dildə danışa bilirsiniz. ivritcə, azərbaycanca və ingiliscə. Amma, bütün bu üç dili birləşdirən bir mahnınız yoxdur. Düzdü?


– Yox. Lakin, bu yaxşı fikirdir. Bəlkə bunu nə vaxtsa edərəm. “Sarı Gəlin”-i ivrit dilində oxumuşam. Eşitmək istəyirsiniz?
Əlbəttə, xoş olar.

– (Oxuyur)


Çox sağ olun! Çox gözəl idi. Təşəkkürlər.
Siz, həmçinin, bəstəkarsınız, mahnılar yazırsınız. Bildiyiniz kimi, Azərbaycan hazırda, 2022-ci il üçün öz Avroviziya təmsilçisinin axtarışındadır. Bəs siz, öz bəstələrinizi Azərbaycanın seçimləri üçün göndərməyi düşünmüsünüzmü? 

– Bu sadəcə möhtəşəm olardı. Mənə sadəcə kimə göndərəcəyimi deyin və mən göndərim (gülür). 

(Gülür). Bunu edə bilərəm, mən sizə imeyl göndərəcəm bu barədə.
– Həll olunduğunu hesab edin.(Gülümsəyir).

Azərbaycan müğənnilərinə qulaq asırsınızmı? Sevimli musiqiçiləriniz varmı?

– Bildiyiniz kimi, sizin insanlarınızı çox sevirəm. Bununla belə, hazırda Azərbaycan müasir mədəniyyətindən uzağam. Mən Sovet dövrünün Azərbaycanında böyümüşəm və o zamanlar musiqi çox fərqli idi. Hazırki vəziyyəti yaxşı bilmirəm. Buna görə də, azərbaycanlı izləyicilərə yazıb demək istəyirəm: “Xahiş edirəm, mənə İnstaqramdan, Feysbukdan dinlədiklərinizi göndərin”. Azərbaycan musiqisini öyrənmək istəyirəm. Müasir musiqini. Lakin sevimli Azərbaycan bəstəkarı və musiqiçilərinin adını çəkə bilərəm: Vaqif Mustafazadə, Tofiq Quliyev və Əzizə Mustafazadə. İndi belə onları dinləyəndə, mənə xoş təsir bağışlayır, öz musiqimi yaratmağa kömək olur. 
– Bəli, elədir. Bəs Avroviziya haqqında necə? Sevdiyiniz mahnılar, sevidiyiniz sənətçilər varmı? 

– Ohh, yox. Çünki, heç vaxt bu müsabiqəni izləməmişəm. Bu birinci dəfə idi ki, qərar verdim, çünki, az əvvəl qeyd etdiyim kimi, yetişdiyimi hiss edirəm. Lakin, daha əvvəl heç vaxt Avroviziyadan mahnılar eşitməmişəm. (Xatırlayır) Aa! Yadıma gəlir, eşitmişdim, Azərbaycan 2012-ci ildə ev sahibi idi. Möhtəşəm açılış mərasimi olmuşdu, gördüyüm yeganə şey o idi. Böyük bir zal inşa etmişdiniz, Xəzərin ortasında, mirvariyə bənzəyirdi. Möhtəşəm idi. 

– Bilmək olmaz, bəlkə bu il yenidən qazanacağıq, yenidən Avroviziya Bakıya gələcək?! 

– Barmaqlarımla “X” tuturam(bəzi mədəniyyətlərdə bir şeyin olmasını istəyəndə edilən hərəkət). Bilirsiniz, Azərbaycan ən yaxşı yeməklərin və musiqinin vətənidir. Yeməklər və musiqi fantastikdir. Konsertlərimdə iştirak edənlər bilir, həmişə bunları deyirəm. Bunları xatırlayıram: gün batımı, isti çörək, çörəyimin üstündə qara kürü və yanında çay. Və, biz kotec tipli, yay aylarında getdiyimiz həyət evimizdə böyük çörəyi yeyirik. Azərbaycandan xatırladığım ən yaxşı şeylər bunlardır.

YouTube player

– Çox gözəl. Gəlin davam edək. Deyəsən, bu sonuncu sualımızdır. Bildiyiniz kimi, möhtəşəm çıxışınızdan sonra, Azərbaycanda media və insanlar tərəfindən çox paylaşıldınız. İndi isə, istəyərdim ki, Azərbaycanda olan sizi sevən insanlara ürək sözlərinizi çatdırasınız. Lakin, əgər mümkündürsə, bunu azərbaycanca eşitmək istəyərik, deyilsə, ingiliscə də deyə bilərsiniz. 

– Okey, hazırsınız? Buna hazırlaşmamışam, amma demək istədiklərimi deyəcəm. (Azərbaycan dilinə keçir) Mən səni sevirəm Azərbaycan! Qurban olum sənə! (Yenidən ingiliscə) ümid edirəm tezliklə ora gələcəm. Əgər bu müsahibəni izləyən və ya oxuyan kimsə Tel-Əvivə gələcəksə, rahatlıqla mənə İnstaqramda və ya Feysbukda yaza bilər, mən sizə Tel-Əvivi öz gözlərimdən tanıdacam. Bura Bakını və Azərbaycanı içdən sevən bir ölkədir. İsrail insanları Azərbaycanı çox sevir. 

Çox təşəkkürlər. Bəli, yavaş-yavaş sona yaxınlaşırıq. Bir daha demək istəyirəm ki, təklifimizi qəbul etdiyiniz üçün çox sağ olun və sizi burada görmək (onlayn da olsa) xoş idi. Ümid edirəm, bir gün biz görüşərik, daha çox şey bölüşərik. “X-Factor”-a qatıldığınız üçün də təşəkkür edirəm, sizi tanımağımıza şərait yaratdınız.
– Tel-Əvivdən və Kama Kamilladan sevgilərlə, sağ olun.

Müsahibənin sonu.

Nəzərə çatdıraq ki, Kama artıq “X Factor Israel” yarışmasında iştirak etmir. O, ikinci turdan sonra öz iştirakını dayandırıb. 107 nəfərin yarışdığı yarışmada hazırda Eli Huli, Sapir Saban, Anna Stefani, Shachar Adawi, Inbal Bibi, Michael Ben David, Ilay Elmakies və yarı Türk, yarı İsrailli olan Linet mübarizə aparır.

Müsahibə tərcüməsi: Bəşir Qasımov

Leave a Reply