Eurovision Legends podcast‘ına müsahibə verən Avroviziyanın keçmiş icraçı direktoru Jon Ola Sand müsabiqəyə başçılıq etdiyi illər barəsində və Bakıda müsabiqənin keçirilməsi haqqında danışıb.
“Biz ən başdan Azərbaycanın yayımçı kanalına və hökumətinə bildirdik ki, Avroviziya Avropa Yayım Birliyinə məxsusdur. Biz sizə bu müsabiqəni düzgün şəkildə necə təşkil etmək lazımdır göstərəcəyik. Əgər bu şərtlərə əməl edilməyəcəksə, ya biz bunu başqa bir yerdə keçirəcəyik.
Həmin il biz mükəmməl əməkdaşlıq həyata keçirdik. Bir-birimizi anlamaq və hər şeyi yoluna qoymaq bir aya yaxın vaxtımızı apardı. Amma hər şey yoluna düşdükdən sonra işlərimiz doğurdan da çox gözəl davam etdi.“
Aparıcının digər, arenanın tikilişi üçün insanların evlərindən məcburən köçürülməsi və ölkə prezidentinin həyat yoldaşının müsabiqənin başçısı vəzifəsində olması ilə bağlı sualına Sand əlavə edib:
“Azərbaycan kimi bir ölkədə sən qərar qəbul edən insanlarla əlaqədə olmaq məcburiyyətindəsən. Və ölkənin birinci xanımı mütləq şəkildə qərar verəndir. Mən onun ofisində onunla görüşmüşdüm və biz çox gözəl söhbət etmişdik. Heç bir çətinlik, heç bir təzyiq yox idi. Mən Avroviziya qaydalarının nə olduğuna aydınlıq gətirirdim, onların necə həyata keçirilməsinin gərəkdiyini anlatdım. Və o məqamdan sonra hökumət nümayəndələri ilə işləmək gözəl idi. Birinci xanım hər kəsi yönləndirirdi və bu bizə kömək olurdu.
“İnsanların evlərindən köçməyə məcbur edilməsinə” gəldikdə isə. Bəli, şəhəri inkişaf etdirmək çətindir. Və Bakı o zaman böyük dəyişikliklər yaşayırdı. Və bu Avroviziya Bakıya gəldikdən sonra başlamamışdı. Bu illərdir artıq davam edirdi. Və biz, AYB kimi inanırıq ki, bəziləri sadəcə Azərbaycanın yaşadığı çətinlikləri işıqlandırmaq fürsətini əldən qaçırmaq istəmirdi. Təbii ki, Azərbaycanda insan haqları və sairə kimi problemlər var. Və bəlkə də Avroviziya bunları işıqlandırmaq üçün gözəl bir fürsət idi.“
Bunlarla yanaşı isə Jon ümumi müsahibə haqqında bir sıra maraqlı məqamlara toxunub. Məsələn, hər ölkənin müsabiqənin təşkilində müxtəlif çətinliklərlə üzləşdiyini bildirən direktor, Böyük Britaniyanın möhtəşəm televiziya şousu təşkil etdiyini, lakin logistika ilə bağlı problemlər yaşadığını bildirib. Türkiyədə isə əksinə. Logistika baxımından hər şey mükəmməl idi, lakin televiziya şəklində bəzi çatışmamazlıqlar var idi.
“Böyük Beşlik” qaydası ilə həm razı, həm də narazı olduğunu bildirən Sand, bunun bir qədər ədalətsiz olduğunu, lakin Avroviziya bu ölkələrin televiziya auditoriyasını itirə bilməyəcəyini vurğulayıb. Jon həmçinin bu ildən tədbiq olunmağa başlayan “əvvəlcədən yazılmış arxa vokal” qaydasını dəstəklədiyini bildirib. Bundan əlavə isə o, bütün çıxış sıralamasının prodüsserlər tərəfindən təyin olunmasını istədiyini vurğulayıb.
Jon Ola Sand Azərbaycan və Ermənistan arasındakı problemin həll yolu olmadığını açıqlayıb. Ölkələri kiməsə səs verməyə məcbur etməyin mümkün olmadığını söyləyib.
Keçmiş icraçı direktor, hazırkı səsvermə sisteminin əla işlədiyini bildirib. Lakin hazırkı “5 nəfərlik münsif heyətinin” sayını 10 və ya 15 olsa, müsabiqənin daha yaxşı olub-olmayacağını bilmədiyini söyləyib.
Sonda isə Sand hər bir ölkənin milli seçim turu keçirməsini istədiyini vurğulayıb. O, bütün bu müddət ərzində yayımçı kanallar ilə bu barədə danışdığını, onları razı salmağa çalışdığını bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin müsabiqəsini xilas etmək mümkün deyildi. Əgər martın 18-i bunu AYB etməsə idi, bir qədər sonra Niderland hökuməti bunu mütləq etmək məcburiyyətində olacaqdı. Buna baxmayaraq, müsabiqə ləğv edildiyi tarixdə, Avroviziya 2020 tam olaraq hazır idi.
Mənbə: Eurovision Legends