12 xal Eurovision Azərbaycan bloqu olaraq musiqi və Avroviziya ilə əlaqəli maraqlı məqamları sizlər üçün bir araya toplamağa davam edirik.
Bu dəfə İsraildə baş tutan “X Factor Israel” layihəsində çıxış edən əslən Azərbaycanlı olan Kama Kamila haqqında danışacağıq.
Bakı şəhərində anadan olan Kamila yəhudi ana və müsəlman atanın qızıdır. O, Azərbaycanın musiqi irsinə dərin kök salmış görkəmli ifaçılar ailəsində böyüyüb. Kamila 5 yaşından klassik pianoçu kimi təhsil alıb. 13 yaşında anası ilə birlikdə İsrailə köç edib. O vaxtdan onun motivasiyası və arzusu atalarının və yeni vətəninin arasında əlaqə yaratmaq olub.
Azərbaycan musiqisini dünyaya daha yaxşı ifadə edə bilmək üçün müxtəlif dilləri və folkları improvizə etməyi üstün tutan Kamilanın 2015-ci ildə işıq üzü görən ilk albomu “Mamaland” Azərbaycanlı ailəsinə həsr olunmuşdur.
Döş xərçənginə qalib gəlməsinin şərəfinə “My Baby Cancer” adlanacaq olan ikinci albomu bu il işıq üzü görəcək. Albomdakı mahnılar Kamila və onun musiqi prodüseri Noam Helfer tərəfindən yazılıb və bəstələnib.
Kamilanın Azərbaycanın mistik şaman musiqisinə olan bağlılığı albomda “New Age” elektronik səslərinin sanki “Peyğəmbəri” olan Noam Helferin yaradıcılığı ilə birləşmişdir.
Noam və Kamila birlikdə qədim və müasir musiqinin bərəkətli qarışığını təmsil edirlər.
Nəzərə çatdıraq ki, qatılmış olduğu “X Factor” layihəsində ifa etdiyi mahnı ilə münsifləri və tamaşaçını heyrətləndirən Kamila növbəti tura keçməyə vəsiqə qazanıb.
Layihə qaydalarına əsasən isə sonda qalib gələn şəxs İsraili 2022-ci ilin may ayında İtaliyanın Turin şəhərində baş tutacaq Avroviziya mahnı müsabiqəsində təmsil etmə hüququna malik olacaq. Belə olduğu halda isə biz gələn il Turində azı 2 azərbaycanlı şəxsin təmsilçi olmasına şahid olacağıq.
Kamilanın “Oscars Awards Ceremony” çıxışı.
One thought on “İSRAİLDƏ SƏS SALAN HƏMYERLİMİZ KAMA KAMİLA KİMDİR?”