Tanınmış azərbaycanlı bəstəkar, söz yazarı, müğənni və televiziya aparıcısı Murad Arif öz Instagram hesabından paylaşım edərək ölkəmizin musiqi bazarında baş verən ən böyük problemlərindən birinə toxunub.
Bəstəkar öz səhifəsində yazır ki:
“Musiqiçi heç bir teatrdan, klubdan, TV və Radiodan qonorar almır. Belə olan halda, ümid qalır yalnız “Musiqisini satmağa”… O da alınmır.
Çünki, ölkəmizdə Mp3 saytlar, YouTube’dan MP3 yükləyən saytlar və proqramlar, bir sözlə “piratçılıq” imkan vermir..”.
12xal komandası olaraq Murad Arif’in söylədiyi hər bir fikrə qatılıb və dəstəkləyirik. Biz özümüz də, etdiyimiz canlı efirlər zamanı, dəfələrlə bu problemə toxunmuşuq. Təəsüflər olsun ki, bugünkü reallıq ondan ibarətdir ki, musiqiçilər maddi gəlir əldə etmək üçün çoxu zaman “toy mahnıları” yazmaq məcburiyyətində qalır. Bu isə öz növbəsində unikal, fərqlənən musiqinin inkişaf etməsinə çox böyük zərbə verir.
Dünya praktikasında musiqiçilərin əsas gəlir mənbələri çıxardıqları “single” və “albomlar” olduğu halda, əfsuslar olsun ki, Azərbaycanda “piratçılıq” səbəbindən bu yol ilə pul qazanmaq mümkünsüzdür.
Çoxu zaman “ölkəmiz niyə “Avroviziya” üçün öz bəstəkarlarımızın mahnılarını seçmir?” sualını eşidirik. Bu problem isə məhz bu sualın cavabıdır. Nə qədər ki, ölkəmizdə müəllif hüquqlarına hörmət edilmirsə, musiqiçilər məcburiyyət qarşısında deyil, istədikləri mahnını yaza bilmirsə, bu belə də dəvam edəcək.
Bəlkə də bu bir çoxları üçün bir yenilik olacaq, amma bugünkü gündə mahnıların satışı üçün bir sıra ödənişli musiqi dinləmə platformaları var, hansılar ki dinlədiyiniz musiqinin ifaçısına gəlir gətirir. Bir-neçəsini sizlərə təqdim edirik: Apple Music, iTunes, Spotify, Deezer, Yandex Music, YouTube Music, Amazon Music və digərləri.
Ortalama aylıq ödəniş hər bir platformada fərqlənir: 2-10 manat arasında dəyişir.
Bütün zamanlarda istifadə etdiyimiz xidmətlər üçün xidmət haqqı ödəmişik. Cəmi bundan 10 il öncə mahnıları CD diskdə alırdıq və bunun qarşılığında pul ödəyirdik. Bu isə öz növbəsində ifaçıya gəlir gətirirdi və o istədiyi hər növ musiqini yazırdı. Amma artıq zaman dəyişib və həmin CD’lər əvəzinə məhz bu “musiqi dinləmə platformaları” gəlib.
12xal komandası olaraq hər birinizi hər kəsin müəllif hüquqlarına hörmətlə yanaşmağa çağırır və Murad Arifə bu mövzuda tam dəstəyimizi ifadə edirik.
“Hörmətli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi , Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, bütün sənətçilər adından, xahiş edirik.
Ölkə ərazisində MP3 saytlarını və MP3 Konvertassiya səhifələrini (texniki olaraq) əngəlləmək çətin deyil.
Bu həll olunan məsələdir. Sadəcə bununla maraqlanmaq, bu problemi aradan qaldırmaq lazım.
Daha sivil, daha qayda-qanunlu şou-musiqi sektorumuz olsun, ən azı alternativ janr ifaçıları da qazana bilsin, sənətçilərdə yaradıcılıq stimulu yaransın…
Mp3 Piratlığa Son!”.