Dünənki Fransa milli seçim turu “Eurovision France, C’est vous qui decidéz” baş tutmamışdan bir-neçə həftə öncə, bu il artıq ölkənin təmsilçisi seçilmiş Barbara Pravi ilə söhbət etmək imkanımız olmuşdu. Həmin söhbət zamanı Barbara bir sıra maraqlı məqamlara toxunmuşdu və fikirlərini bizimlə bölüşmüşdü.
İfaçının, ona verilən “əgər milli seçim turunu udsan, mahnıda hansısa bir dəyişiklik etməyi planlaşdırırsanmı” sualına:
“Xeyr, əlbəttə ki, yox. Əslində mən rəqabətkar birisi deyiləm. Bunu udmaq üçün etmirəm, mənim məqsədim bu deyil. Bu mənim doğrumdur. Və mən istəmirəm ki mənim doğrum “Voilà”-ya nəsə təsir etsin. Remix və ya revamp etmək mənim planlarımda yoxdur. Mahnını olduğu kimi sevirəm, mahnını olduğu kimi olmasını özüm seçmişəm.” – deyə cavab verib.
Bununla belə anlamaq olur ki, dünən canlı ifasını eşitdiyimiz “Voilà” mahnısının eynisini, əgər pandemiya maneə yaratmasa, biz Rotterdam səhnəsində görəcəyik.
Müsahibəmiz zamanı bir sıra başqa mövzulara da toxunan Fransa təmsilçisi, mahnının necə ərsəyə gəlməsi, “Uşaq Avroviziya” qalibiyyətindən sonra artıq əsas “Avroviziya” yarışmasında iştirak etməyə necə qərar verdiyini və digər sualları cavablamışdı. Müsahibəni bizim kanalımızda izləməyi unutmayın.