“Avroviziya 2021” yaxınlaşdıqca həyəcan artır, diqqət isə yarışmaya doğru yönəlir. Bütün bunların timsalında iştirakını təsdiq etmiş 41 ölkənin təmsilçilərinin kimliyi haqqında da maraq böyükdür.

Müsabiqənin başlamasına 177 gün qalmış bir çox ölkələr təmsilçilərini rəsmi şəkildə açıqlamış, “Avroviziya 2020” təmsilçi seçimlərinə heç bir dəyişiklik etməyəcəklərini bildirmişdi. Lakin “Avroviziya 2020” seçimlərini ləğv edən və yeni seçim turu təşkil edən ölkələr də az deyildi.
Beləliklə, adlarının ətrafında suallar dönən iştirakçılardan bəziləri haqqında artıq məlumat var. Bəs gələn il müsabiqədə görə bilməyəcəyimiz təmsilçilər kimlərdir?
“Avroviziya 2020” favortilərindən biri olan Almaniya təmsilçisi Ben Dolic müsabiqə ilə erkən vidalaşmalı oldu, desək, yanılmarıq. Bu barədə o, öz instagram səhifəsində məlumat verib. İfaçı qərarın verilməsində çətinlik çəkdiyini, lakin son olaraq gələn il ölkəsini təmsil etməyəcəyini, həmçinin kariyerasını fərqli şəkildə davam etdirəcəyini öz izləyiciləri ilə bölüşüb. Yazısında Almaniyanın Rotterdam 2021 üçün seçiminə uğur diləyən Ben, bu az müddətdə ona dəstək olanlara da təşəkkür edib.
Xorvatiyanı “Avroviziya 2020”-də təmsil etməyi planlaşdırılan Damir Kedžo növbəti il üçün qərarını verib. Xorvatiya KİV-nə görə ifaçı gələn il ölkəsini təmsil etməyəcəyini və bu onun son qərarı olduğunu söyləyib. Qeyd edək ki, daha öncə Damir-in koronavirus testi də pozitiv çıxmışdı.
Müsabiqə ilə vidalaşan daha bir təmsilçi isə Aksel Kankaanranta (Finlandiya) oldu. 22 yaşlı ifaçının birbaşa seçim turlarının finalında yer alacağını düşünənlərin əksinə, ifaçıdan rədd cavabı gəldi. Aksel seçim turlarına qatılmaq istədiyini, lakin son anda qərarının dəyişdiyini açıqlayıb. Gənc ifaçı qərarına pandemiyanın da təsirsiz ötüşdüyünü istisna etməyib.