Yeni “Avroviziya” mövsümünə günü gündən daha da yaxınlaşırıq. Artıq deyə bilərik ki, Albaniyanın milli seçim turu mahnıları ilə birgə biz ən azı 1 mahnıdan xəbərdarıq. Lakin gələcək müsabiqə haqqında bildiklərimiz tək bununla bitmir. Bugünə qədər bəlli olan bütün məlumatları bir yerə topladıq.
Bir neçə həftə öncə, daha dəqiq desək Oktyabrın 26-da müsabiqədə iştirak edəcək olan ölkələrin tam siyahısı təqdim edildi. Siyahıya əsasən, “Avroviziya 2020”-də iştirak edən 41 ölkənin hər biri təkrar olaraq “Avroviziya 2021” mahnı müsabiqəsində də iştirak edəcək. Müsabiqənin ev sahibliyini edən Rotterdam Ahoy Arena 3 möhtəşəm şou ilə 18, 20 və 22 May tarixlərində qarşımızda olacaq.

Müsabiqənin baş tutacağı arenanın səhnə dizaynı daha öncə 2011-2012, 2015 və 2017-2019 illər arasında da bir birindən fərqli səhnələrin müəllifi olmuş Florian Wieder tərəfindən “Avroviziya 2020” üçün hazırlanmış dizayn olacaq.

Sentyabrın ortalarında, qarşıdan gələn yarışma üçün 4 mümkün ssenarinin olduğu da açıqlandı. Bu ssenarilər, bu il mart ayında COVID-19 pandemiyasının bütün Avropaya yayılması səbəbi ilə tarixdə ilk dəfə ləğv olunan “Eurovison 2020” taleyinin təkrarlanmaması üçün, təşkilatçılar tərəfindən yaradılmışdır.
Ssenari üçün son qərar mövcud pandemiya şəraitindən asılı olaraq yanvar ayında veriləcək.

Və nəhayət dünən Eurovision Mahnı Yarışmasının Referans Qrupu, yanvar ayında yeni bir püşkatma mərasimini keçirməmək qərarını verdi. Bu o deməkdir ki, 2020 ildə 1 və 2 Yarı Finallarda iştirak etmək üçün çəkilən bütün ölkələr Rotterdam 2021 üçün eyni yarımfinallarda qalacaqlar. Böyük 5 və Hollandiya da keçən il çəkildiyi kimi 2 Yarı Finalda səs verəcəklər.
Azərbaycan 18 Mayda keçiriləcək Birinci Yarı Finalın ikinci hissəsində iştirak edəcək (Almaniya, İtaliya və Hollandiya da bu Yarı Finalda səs verir).
Bütün iştirakçı ölkələrlə bağlı mövcud vəziyyət aşağıdakı cədvəldə əks etdirilib. 19 ölkə (Azərbaycan da daxil olmaqla) növbəti il üçün 2020 il təmsilçilərini təsdiq ediblər. Eyni zamanda 11 ölkə, milli seçim yolu ilə öz təmsilçilərini yenidən seçəcəklər. Və 11 ölkə hələ də hansı metoddan istifadə edəcəklərini təsdiqlənməyiblər.
