Avroviziya 2018

2018 Avroviziya Mahnı Müsabiqəsi — sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsidir. Salvador Sobralın ifa etdiyi “Amar Pelos Dois” mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2018-ci ildə Portuqaliya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Portuqaliyanın paytaxtı Lissabon şəhərində, Altice Arenada, “All Aboard!” – Hamı göyərtəyə!‎ şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2018-ci ilin 8 və 10 may, final isə 12 may tarixində baş tutmuşdur. Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto müsabiqəyə aparıcılıq etmişdir.

17 noyabr 2017-ci il tarixində Avropa Yayım İttifaqı Lissabonda keçirilən Avroviziya 2018-də 43 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2017 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil etməli olan müğənni Yuliya Samoylovaya ev sahibi Ukraynanın ölkəyə giriş qadağası qoymasının ardınca Rusiya müsabiqədə iştirakdan imtina etmişdir. Bir illik fasilədən sonra 2018-ci ildə Rusiya müsabiqəyə geri dönmüşdür. Ölkəni Lissabonda məhz Yuliya Samoylova təmsil etmişdir. Şimali Makedoniyanın ilk öncə maliyyə problemləri səbəbindən Avroviziya 2018-də iştirak etməyəcəyi bildirilsə də, daha sonra Avroviziyanın rəsmi saytı ölkənin müsabiqəyə qoşulacağını elan etmişdir. Bu müsabiqə Azərbaycan, Rusiya və Rumıniyanın Avroviziya tarixində ilk dəfə finala keçməməsi ilə yadda qalmışdır.

12 may tarixində baş tutan final şousunda İsrail təmsilçisi Netta Barzilay ifa etdiyi “Toy” mahnısı ilə 529 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1973-cü ildə qoşulan İsrailin Avroviziyada dördüncü qalibiyyəti idi.

Maraqlı faktlar:

2005-ci ildən bəri ilk heç bir Qafqaz ölkəsinin iştirak etmədiyi Avroviziya finalı olmuşdur.

Müsabiqənin açılış mərasimi zamanı ənənəvi olaraq öyrəşdiyimiz qırmızı xalı yürüşündə kiçik dəyişiklik edilərək mavi xalı sərilmişdi.

Müsabiqədə ilk dəfə bir neçə logodan istifadə edildi.

Müsabiqədə daha öncə iştirak edən bir çox ulduzlar yenidən iştirak edirdi:

  • Norveç təmsilçisi Aleksandr Rıbak daha öncə 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəyə qələbə qazandırmışdır.
  • Niderland təmsilçisi Ueylon daha öncə ölkəni The Common Linnets qrupunun üzvü olaraq 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ikinci yeri qazanmışdır.
  • Avstriya təmsilçisi Sezar Sampson daha öncə 2016 və 2017-ci illərdə Bolqarıstan təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşaiyət etmişdir.
  • Böyük Britaniya təmsilçisi SuRie daha öncə 2015 və 2017-ci illərdə Belçika təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşaiyət etmişdir.
  • Sloveniya təmsilçisi Lea Sirk daha öncə 2014-cü ildə ölkə təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşaiyət etmişdir.
  • Bolqarıstanı təmsil edən EQUINOX qrupunun üzvü Vlado Mixailov 2017 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstan təmsilçisini dəstək vokalçı olaraq müşaiyət etmişdir.
  • Avstraliya təmsilçisi Cessika Mauboy daha öncə 2014 Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalında interval akt kimi çıxış etmişdir.
YouTube player

Leave a Reply