2016 Avroviziya Mahnı Müsabiqəsi — sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsidir. Mons Selmerlövün ifa etdiyi “Heroes” mahnısı ilə 2015 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2016-cı ildə İsveç altıncı dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin paytaxtı Stokholm şəhərində, Ericsson Globe arenasında, “Bir araya gələk” şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2016-cı ilin 10 və 12 may, final isə 14 may tarixində baş tutmuşdur. Müsabiqənin aparıcıları 2015 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Mons Selmerlöv və Malmödə keçirilən 2013 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı Petra Mede olmuşdur.

2016-cı ildə üç illik fasilədən sonra Bosniya və Herseqovina, iki illik fasilədən sonra Bolqarıstan və Xorvatiya və bir illik fasilədən sonra Ukrayna müsabiqəyə geri dönmüşdür. Eyni zamanda 2015-ci ildə ilk dəfə Avroviziyada debut edən Avstraliya da ikinci dəfə müsabiqədə iştirak etmiş, lakin bu dəfə Avstraliya avtomatik finalçı kimi deyil, digər ölkələr kimi yarımfinalda iştirak edərək final uğrunda mübarizə aparmışdır. Portuqaliya isə son illərdə ölkənin müsabiqədə qazandığı uğursuz nəticələr səbəbi ilə Stokholmda keçirilən Avroviziyada iştirakdan imtina etmişdir. Rumıniya müsabiqədə iştirak etməyi planlaşdırsa da, Avropa Yayım İttifaqı üst-üstə yığılan borclar səbəbi ilə ölkəni müsabiqənin keçirilməsinə 20 gün qalmış iştirakdan azad etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2016-da Ukrayna təmsilçisi Camala ifa etdiyi “1944” mahnısı ilə 534 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 2004-cü ildə Ruslananın təmsilində qalibiyyət əldə etmiş Ukraynanın müsabiqədə ikinci qələbəsi idi. Müsabiqənin finalında tamaşaçıların səsverməsində Rusiya birinci, Ukrayna ikinci, Polşa isə üçüncü yerə layiq görülmüşdür. Münsiflər heyətinin səsverməsində isə Avstraliya birincilik qazanmış, Ukrayna ikinci, Fransa üçüncü olmuşdur. Müsabiqəni televiziya vasitəsi ilə 204 milyon tamaşaçı izləmişdir
Maraqlı faktlar:
Amerikada ilk dəfə Eurovision mahnı müsabiqəsi yayımlandı.
Dünya ulduzu, məşhur – Justin Timberlake Böyük Finalda çıxış etdi.
Yunanıstan və Bosniya və Herseqovina ilk dəfə Finala vəsiqə qazana bilmədiyi halda, Çexiya Respublikası ilk dəfə finalda mübarizə apardı.
İlk dəfə 2016-cı ildə Münsif və Tele səslər ayrı ayrı təqdim olundu.
Almaniya ardıcılı olaraq 2-ci il Finalı sonuncu olaraq bitirdiyi halda, Bolqarıstan ilk dəfə Top5-də olmağı bacararaq 4-cü oldu və indiyə qədərki ən yaxşı dərəcəsini aldı.
Avstraliya münsif, Rusiya tele səslərin qalibi olduğu halda müsabiqənin qalibi səslərin cəminə görə Ukrayna oldu.