Avroviziya 2015

2015 Avroviziya Mahnı Müsabiqəsi — sayca 60-cı Avroviziya Mahnı Müsabiqəsidir. Konçita Vurstun ifa etdiyi “Rise Like a Phoenix” mahnısı ilə 2014 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2015-ci ildə Avstriya ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində, Wiener Stadthalle arenasında, “Körpülər salaraq” şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2015-ci ilin 19 və 21 may, final isə 23 may tarixində baş tutmuşdur.

10 fevral 2015-ci il tarixdə Avropa Yayım İttifaqı rəsmi olaraq 2015 Avroviziya Mahnı Müsabiqəsində 40 ölkənin iştirak edəcəyəni açıqlamışdır. 2015-ci ildə müsabiqə tarixində ilk dəfə Avstraliya Avroviziyada iştirak hüququ qazanmışdır. Okeaniya ərazisindən olan nəhəng ölkə-qitə 1983-cü ildən bəri müsabiqəni ölkə ərazisində yayımlamışdır və müsabiqə Avstraliyada böyük izləyici kütləsinə malikdir. Eyni zamanda 2015-ci ildə beş illik fasilədən sonra Çexiya, bir illik fasilədən sonra Kipr və Serbiya müsabiqəyə geri dönmüşdür. Ukrayna isə ölkədə yaşanan ciddi siyasi böhran səbəbindən müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 40 ölkənin iştirak etdiyi Avroviziya 2015-də İsveç təmsilçisi Mons Selmerlöv ifa etdiyi “Heroes” adlı mahnı ilə 365 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 2012-ci ildə Lorinin təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə altıncı qələbəsi idi. Müsabiqənin finalında tamaşaçıların səsverməsində İtaliya birinci, Rusiya ikinci, İsveç isə üçüncü yerə layiq görülmüşdür. Münsiflər heyətinin səsverməsində isə İsveç birincilik qazanmış, Latviya ikinci, Rusiya üçüncü olmuşdur. 2009-cu ildən bəri ilk dəfə idi ki, qalib ölkə tamaşaçı səsverməsində birinci yeri qazanmamışdır.

Maraqlı faktlar:

2004-cü ildən bəri istifadə edilən Eurovision mahnı müsabiqəsinin logosu yeni dizaynda təqdim edilib.

Müsabiqə 200 milyondan çox insan tərəfindən canlı olaraq izlənmişdi. Və bu müsabiqə tarixində yeni bir rekord idi.

Müsabiqəyə ev sahibliyi edən Avstriya ev sahibi kimi heç bir xal toplamayan ilk ölkə olaraq tarixə düşmüşdür.

Avstraliya müsabiqədə ilk dəfə qatıldığı üçün təşkilatçılar tərəfindən birbaşa finalda yarışması uyğun görülmüşdü buna görə də müsabiqə finalında 27 ölkə iştirak etmişdi.

YouTube player

Leave a Reply