
2014 Avroviziya Mahnı Müsabiqəsi— sayca 59-cu Avroviziya Mahnı Müsabiqəsidir. Emmili de Forestin ifa etdiyi “Only Teardrops” mahnısı ilə 2013 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2014-cü ildə Danimarka üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində, B&W Hallerne arenasında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2014-cü ilin 6 və 8 may, final isə 10 may tarixində baş tutmuşdur.
2014-cü ildə iki illik fasilədən sonra Polşa və bir illik fasilədən sonra Portuqaliya Avroviziyaya geri dönmüşdür. Bolqarıstan, Kipr, Serbiya və Xorvatiya isə maliyyə problemlərini səbəb göstərərək, Kopenhagendə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Müsabiqədə ümumilikdə 37 ölkə iştirak etmişdir və bu iştirakçı sayına görə son 8 ilin ən aşağı göstəricisi idi.
Avroviziya 2014-də “Rise Like a Phoenix” mahnısı ilə 290 xal toplayaraq, Avstriya təmsilçisi Konçita Vurst qələbə qazanmışdır. Bu sonuncu dəfə Avroviziyada 1966-cı ildə Udo Yürqensin təmsilində qələbə qazanmış Avstriyanın müsabiqədə ikinci qalibiyyəti idi.
Maraqlı faktlar:
Yeni qaydalara əsasən, 1 may tarixində bütün münsiflər heyətinin üzvləri elan edildi. Əlavə olaraq, hər şou üçün münsiflər heyəti üzvünün təqdim etdiyi reytinq Finaldan dərhal sonra dərc edildi.
Valentina Monetta ardıcıl üçüncü dəfə San Marino üçün iştirak etdi və ilk dəfə ölkə Finala vəsiqə qazandı.
2014 müsabiqəsi köhnə gəmiqayırma zavodunda, B&W Hallerne-də keçirildi.
Müsabiqə illər sonra qatılan ölkə sayında geriləyərək 37-yə düşüb lakin 195 milyon insan şounu canlı olaraq izləyib.