
2012 Avroviziya Mahnı Müsabiqəsi — sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsidir. Eldar Qasımov və Nigar Camalın ifa etdikləri “Running Scared” mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2012-ci ildə Azərbaycan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə paytaxt Bakı şəhərində, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur.
2012-ci ildə iki illik fasilədən sonra Monteneqro Avroviziyaya geri dönmüşdür. Polşanın dövlət kanalı TVP teleefirin digər vacib proqramlarla yüklənməsini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmişdir. Ermənistan isə ilk öncə Bakıda keçiriləcək müsabiqədə iştirak edəcəyini elan etsə də, daha sonra ölkənin dövlət televiziyası Avroviziya 2012-də iştirak etməyəcəklərini bəyan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2012-də İsveç təmsilçisi Loreen ifa etdiyi “Euphoria” adlı mahnı ilə 372 xal toplayaraq qalib gəlmişdirlər. Bu sonuncu dəfə Avroviziyada 1999-cu ildə Şarlotta Perellinin təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə beşinci qələbəsi idi.
Bakıda baş tutan 2012 Avroviziya Mahnı Müsabiqəsi “Öz məşəlini alovlandır” şüarı altında keçirilib. Bu onunla əlaqədardır ki, Azərbaycanı çox vaxt “Odlar Yurdu” adlandırırlar və bu günün özündə də Azərbaycanda simvol kimi od və alovdan geniş istifadə olunur; azərbaycanlılar bu assosiasiya ilə fəxr edirlər. Bu səbəbdən müsabiqənin loqotipi kimi də alov-gül seçilmişdir.
Müsabiqənin mövzusunu fikirləşib tapanlar özlərinin vizual dizayn ideyalarını belə izah edirlər:
“Qədim zamanlardan insanlar hekayə danışmaq, mahnı oxumaq, rəqs etmək üçün od ətrafına toplaşmışlar. Avroviziya isə insanların bayram etmək, mahnı və rəqs vasitəsilə ünsiyyət qurmaq üçün bir araya gəldiyi yerdir”
Maraqlı faktlar:
Müsabiqənin ötənilki qalibi Eldar Qasımov aparıcı qismində iştirak edib.
Birləşmiş Krallıq indiyə qədər ən yaşlı iştirakçısını, 76 yaşlı Engelbert Humperdinck’ı göndərdi.
Qalib mahnı müsabiqə tarixində ən çox 12xal alan mahnı kimi tarixə düşdü. 18-ölkədən
Albaniya təmsilçisi Rona Nishliu müsabiqə tarixindəki ən yüksək tonda ifa edən ifaçı kimi hələ də qalır.
Türkiyə müsabiqədə 2012-ci ildən sonra iştirak etmir.