
2011 Avroviziya Mahnı Müsabiqəsi — sayca 56-cı Avroviziya Mahnı Müsabiqəsidir. Lena Meyer-Landrutun ifa etdiyi “Satellite” mahnısı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2011-ci ildə Almaniya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Almaniyanın Düsseldorf şəhərində Esprit arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2011-ci ilin 10 və 12 may, final isə 14 may tarixində baş tutmuşdur.
2011-ci ildə 13 illik fasilədən sonra İtaliya, üç illik fasilədən sonra Avstriya, iki illik fasilədən sonra San-Marino və bir illik fasilədən sonra Macarıstan Avroviziyaya geri dönmüşdür. Ümumilikdə 43 ölkənin iştirak etdiyi Avroviziya 2011-də Azərbaycan təmsilçiləri olan Eldar Qasımov və Nigar Camal səhnə adları ilə Ell və Nikki ifa etdikləri “Running Scared” adlı mahnı ilə 221 xal toplayaraq qalib gəlmişdirlər. Bu müsabiqəyə ilk dəfə 2008-ci ildə qoşulan Azərbaycanın Avroviziyada ilk qalibiyyəti idi.
Maraqlı faktlar:
Müsabiqənin birinci yarımfinal tarixinin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin dövlət kanalı IBA bu barədə Avropa Yayım İttifaqına müraciət etmiş və ölkənin püşkatmadan kənar ikinci yarımfinalda iştirak etməsinə qərar verilmişdir.
İtaliya ilk dəfə böyük 5-lik tərkibində iştirak edərək birbaşa Finala vəsiqə qazanır və finalda 2-ci olmağı bacarır.
Bu, Azərbaycan üçün ilk qələbə idi və növbəti il müsabiqənin ev sahibliyi tarixində ən şərq nöqtəsində baş tutacağı məlum olmuşdu.
Final şousu “ən yaxşı canlı yayın” adına Rose d’Or mükafatı aldı.
Ötən ilin qalibi Lena yenidən müsabiqəyə qatılır lakin bu dəfə 10-cu olur.
Dünyaca məşhur Blue qrupu İngiltərəni müsabiqədə I Can mahnısı ilə təmsil edir və finalda 11-ci olur.