
2010 Avroviziya Mahnı Müsabiqəsi — sayca 55-ci Avroviziya Mahnı Müsabiqəsidir. Aleksandr Rıbakın ifa etdiyi “Fairytale” mahnısı ilə 2009 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2010-cu ildə Norveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Norveçin paytaxtı Oslo şəhərində Telenor Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2010-cu ilin 25 və 27 may, final isə 29 may tarixində baş tutmuşdur.
Qlobal maliyyə böhranı 2010-cu ildə Avroviziyaya da öz təsirini göstərmişdir. Maliyyə çətinliklərini səbəb göstərərək, bir neçə ölkə müsabiqədə iştirak edə bilməyəcəklərini açıqlamışdır. Bu ölkələr Andorra, Çexiya, Macarıstan və Monteneqro idi. Litvanın da ilk öncə Avroviziya 2010-da iştirak etməyəcəyi barədə açıqlama verilsə də, daha sonra ölkənin adı iştirakçılar siyahısına əlavə edilmişdir. 2009-cu ildə müsabiqəyə göndərdiyi mahnının siyasi xarakterli olması səbəbindən müsabiqədə iştirak etməyən Gürcüstan isə bir illik fasilədən sonra 2010-cu ildə Avroviziyaya geri dönmüşdür. 2010-cu ildə eyni zamanda 2010 FİFA Dünya Kubokuna ev sahibliyi edən Norveç maliyyə problemlərini də nəzərə alaraq Avroviziyanın hazırlıqları üçün nəzərdə tutulan məbləği müəyyən qədər azaltmışdır. Nəticədə müsabiqə üçün 17 milyon avro ayrılmışdır.
Ümumilikdə 39 ölkənin iştirak etdiyi Avroviziya 2010-da Almaniya təmsilçisi Lena Meyer-Landrut ifa etdiyi “Satellite” adlı mahnı ilə 246 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə 1982-ci ildə Nikolun təmsilində müsabiqədə qələbə qazanan Almaniyanın Avroviziyada ikinci qalibiyyəti idi.
2009-cu ildən yalnız final mərhələsində müsabiqə iştirakçılarına səs vermək hüququ qazanan münsiflər heyəti, 2010-cu ildən etibarən yarımfinallarda da səs verə bilmişdirlər. Avroviziya 2010 müsabiqəsinin hər iki yarımfinal və bir final mərhələsində təyin olunmuş münsiflər heyəti 50 faiz səs vermə hüququna malik oldular. Bu qaydanın yarımfinal mərhələsinə də aid edilməsi tamaşaçıların və media mənsublarının AYİ-ya çoxsaylı müraciətləri səbəb olub.
Avropa Yayım İttifaqının (EBU) qərarına əsasən 2010-cu ildən artıq tamaşaçılar səs vermək üçün çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmamışdırlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin sms nömrəsinə səs göndərə bilmişdirlər.
Maraqlı faktlar:
İspaniya təmsilçisi ifası zamanı səhnəyə arenada əyləşən izləyicilərdən biri çıxaraq kameralarda göründü və mahnını böldü buna görə də yenidən ifa etməli oldu.
2009-cu ildə böyük həcmdə istifadə edilən LED ekranlardan bu dəfə heçbiri yox idi.
Böyük Britaniya və İrlandiya da daxil olmaqla bəzi nümayəndə heyətləri, İslandiya vulkanı Eyjafjallajökullun püskürməsindən sonra qayıqla Osloya getdi.
Yarıfinalda 1-ci olan Türkiyə finalda qalibiyyətə 2-ci dəfə yaxınlaşsa da Almaniyanı üstələyə bilmir.