
2009 Avroviziya Mahnı Müsabiqəsi — sayca 54-cü Avroviziya Mahnı Müsabiqəsidir. Dima Bilannın ifa etdiyi “Believe” mahnısı ilə 2008 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2009-cu ildə Rusiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Rusiyanın paytaxtı Moskva şəhərində Olimpiyski Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2009-cu ilin 12 və 14 may, final isə 16 may tarixində baş tutmuşdur.
2009-cu ildə Slovakiya 11 illik fasilədən sonra Avroviziyaya geri dönmüşdür. San-Marino maliyyə çətinlikləri səbəbindən müsabiqədə iştirakdan imtina etmişdir. Latviya və Gürcüstan da ilkin olaraq Moskvada keçirilən müsabiqədə iştirak etməyəcəklərini açıqlasalar da, Avropa Yayım Birliyi daha sonra hər iki ölkənin Avroviziya 2009-da iştirak edəcəyini bildirmişdir. Lakin, Gürcüstanın müsabiqə üçün nəzərdə tutduğu mahnı müsabiqənin qaydalarına zidd olduğu üçün ölkənin müsabiqədə iştirakı baş tutmamışdır. Ümumilikdə 42 ölkənin iştirak etdiyi müsabiqədə Norveç təmsilçisi olan “Aleksandr Rıbak” ifa etdiyi “Fairytale” adlı mahnı ilə 387 xal toplayaraq qalib gəlmişdir. İkinci yerdə 218 xalla İslandiya, üçüncü yerdə isə 207 xalla Azərbaycan qərarlaşmışdır. Bu sonuncu dəfə 1995-ci ildə “Nocturne” qrupunun təmsilində müsabiqədə qələbə qazanan Norveçin Avroviziyada ümumilikdə üçüncü qalibiyyəti idi.
Maraqlı faktlar:
2009-cu ildə müsabiqəni televiziya vasitəsi ilə 122 milyon tamaşaçı izləmişdi.
Yeni Zellandiyada müsabiqəni Triangle TV yayımladı.
Səhnə o dövrdə dünyanın mövcud LED ekranlarının 1/3-dən ibarət idi.
O vaxt Rusiyanın Baş naziri olan Vladimir Putin Avroviziya Mahnı Müsabiqəsinə hazırlıq işlərini görmək üçün Olimpiya Bağlı Arenaya baş çəkdi. Hətda Azərbaycanın məşqlərində iştirak etdi.
Rybak tarixdə mümkün ən çox xal toplayan biri kimi yadda qalır. O, 492 xaldan 387 xal almağı bacarır.
Müsabiqə ilk dəfə 2 fərqli cütlük təqdimatında baş tutdu. Mayın 12-si və mayın 14-ü keçirilən yarımfinallara Andrey Malaxov və Natalya Vodyanova aparıcılıq etmişdir. Alsu Abramova və İvan Urqant isə 16 mayda keçirilən final mərhələsinin aparıcılığını etmişdirlər.
Şounu Avroviziya Mahnı Müsabiqəsinin ilk qalibi, İsveçrəli müğənni Liz Assia açmışdır. Müğənni 1956 Avroviziya Mahnı Müsabiqəsində ona qələbə qazandırmış “Refrain” mahnısını ifa etmişdir. Bundan başqa açılış mərasimində müxtəlif illərdə keçirilmiş Avroviziya Mahnı Müsabiqələrinin qalibləri – 1979-cu ildə Almaniyanı təmsil edən Dschinghis Khan qrupu, 2004-ci ildə Ukraynaya müsabiqədə qalibiyyət gətirən müğənni Ruslana, 2007 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Serbiyalı Mariya Şerifoviç və ötən ilin qalibi Dima Bilan da iştirak etmişdir.
Gürcüstan 2008-ci ilin avqustunda baş vermiş müharibə səbəbi ilə müsabiqədə iştirak etməyəcəyini bildirmişdir. Lakin 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Rusiyanın Gürcüstana 12 xal verərək qalib olmasında kömək etdiyi üçün iştirak etmək qərarına gəlmişdir. Gürcüstanı təmsil etməli olan Stefane və 3G qrupunun ifa etməli olduğu “We Don’t Wanna Put In” mahnısında Rusiya prezidenti Vladimir Putini tənqid xarakterli sözlərdən istifadə edilmişdir. İngilis dilində səslənən mahnının adının digər tərcüməsi “Biz Putini İstəmirik” idi. Mahnı Rusiya mətbuatı tərəfindən narazılıqla qarşılanmışdır. Avroviziyanın qaydalarına əsasən özündə hər hansısa bir siyasi xarakter daşıyan mahnının müsabiqədə iştirakına icazə verilmirdi və Avropa Yayım Birliyi Gürcüstan televiziyasından ya mahnını tamamən dəyişmək, ya da sözlərində düzəlişlər aparmağı tələb etmişdir. Lakin Gürcüstan nəticə olaraq Moskvada keçirilən müsabiqədə iştirakdan imtina etmək qərarına gəlmişdir.
Ermənistan ilkin olaraq Avroviziya 2009-da qondarma erməni soyqırımına aid mahnı ilə təmsil olunmaq istəyirdi. Mahnını System of a Down adlı erməni qrupu ifa edəcəkdi. Hətta mahnının klipi də çəkilmişdi. Lakin bu mahnıda Atatürkü və Türk millətini təhqir edən sözlər olduğu üçün Türkiyənin etirazlarını nəzərə alaraq Avropa Yayım İttifaqı Ermənistanın bu mahnı ilə təmsil olunmasına icazə verməmişdir.Ermənistanın müsabiqədə səsləndiriyi “Jan Jan” mahnısı isə Azərbaycan ictimaiyyətində etirazla qarşılanmışdır. Belə ki, ermənilərin müsabiqədə təqdim etdikləri mahnının musiqisi görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin bəstələdiyi “Naxçivani” rəqsinin musiqisi idi. Buna baxmayaraq, Ermənistan həmin mahnı ilə müsabiqədə təmsil olunmuş və müsabiqədə 10-cu yerdə qərarlaşmışdır.Dağlıq Qarabağda yerləşən Biz və bizim dağlar abidəsinin müsabiqədə Ermənistan üçün hazırlanmış reklam çarxında yer alması Azərbaycan XİN-in etirazına səbəb olmuşdur. Bununla bağlı Avropa Yayım Birliyinə daxil olan şikayətdən sonra final mərhələsində Azərbaycan ərazisindəki abidənin təsviri Ermənistanın reklam çarxından çıxarılmışdır. Lakin müsabiqənin final səsverməsinin gedişatında Ermənistanın səsləri açıqlanan zaman arxa fondakı monitorda və eyni zamanda səsləri açıqlayan müğənni Siruşonun əlində tutduğu kartın arxasında həmin abidə təsvir olunmuşdur.