Avroviziya 2003

2003 Avroviziya Mahnı Müsabiqəsi — sayca 48-ci Avroviziya Mahnı Müsabiqəsidir. Marie N-in ifa etdiyi “I Wanna” adlı mahnı ilə 2002 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2003-cü ildə Latviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Latviyanın paytaxtı Riqa şəhərində Skonto Hall arenasında keçirilmişdir. Müsabiqə 2003-cü ilin 24 may tarixində baş tutmuşdur. Latviyaya Avroviziya 2002-də qalibiyyət gətirən Marie N müsabiqəyə aparıcılıq etmişdir.

2003-cü ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Danimarka, Finlandiya, İsveçrə, Litva və Makedoniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə İrlandiya, İslandiya, Niderland, Norveç, Polşa və Portuqaliya əvəz etmişdir. Bu ölkələrin hər biri bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. 2003-cü ildə eyni zamanda Ukrayna ilk dəfə Avroviziyaya qoşulmuşdur. Ümumilikdə 26 ölkənin iştirak etdiyi Avroviziya 2003-də Türkiyə təmsilçisi Sərtab Ərənər ifa etdiyi “Everyway That I Can” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İkinci yerdə qərarlaşan Belçika təmsilçilərini qalibiyyətdən cəmi iki xal ayırmışdı. Bu 1975-ci ildən etibarən Avroviziyada iştirak edən Türkiyənin müsabiqədə ilk qələbəsi idi.

Avroviziya Mahnı Müsabiqəsinin qaydalarına görə şounun yayım vaxtının 3 saatı keçməməsi məqsədi ilə hər il müsabiqədə yalnız 23-26 ölkənin iştirak etməsinə icazə var idi. Lakin son illərdə müsabiqəyə artan maraq və bir çox ölkələrin müsabiqədə iştirak etmək istəyi Avroviziyanın genişləndirilərək, iki gün keçirilməsi fikrini önə sürürdü. 29 yanvar 2003-cü il tarixində Avropa Yayımlar Birliyi növbəti 2004 Avroviziya Mahnı Müsabiqəsində şounun yeni formatda təşkil olunacağını açıqlamışdır. Belə ki, yeni qaydalara görə müsabiqənin finalında ilk onluğa girən ölkələr və eyni zamanda “Böyük dördlük” ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) növbəti müsabiqədə birbaşa olaraq final mərhələsinə vəsiqə qazanmış olurlar. Digər iştirakçı ölkələr isə müsabiqənin ilk günündə final uğrunda mübarizə aparmalı idilər. Yeni format ilə 2004 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanan ölkələr Türkiyə, Belçika, Rusiya, Norveç, İsveç, Avstriya, Polşa, İspaniya, İslandiya, Rumıniya, İrlandiya, Almaniya, Böyük Britaniya və Fransa idi.

Maraqlı faktlar:

Müsabiqədə iştirakçı sayı 26-ya çatmışdır.

İngiltərə ilk dəfə 0 xal toplayaraq sonuncu oldu.

Müsabiqənin ilk qalibi Lys Assia canlı yayım ilə müsabiqəyə qoşularaq öz ürək sözlərini demişdi.

Belçikanı Sanomi mahnısı ilə təmsil edən Urban Trad maraqlı bir addım ataraq mahnı sözlərini uydurma bir dildə ifa etmişdilər nəticədə isə qalibiyyətə 2 xal fərq ilə 2-ci olmuşdular.

YouTube player

Leave a Reply