
1993 Avroviziya Mahnı Müsabiqəsi — sayca 38-ci Avroviziya Mahnı Müsabiqəsidir. Linda Martinin ifa etdiyi “Why Me?” adlı mahnı ilə 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1993-cü ildə İrlandiya dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın Kork qraflığında yerləşən Milstrit şəhərində Green Glens Arenada keçirilmişdir. Müsabiqə 1993-cü ilin 15 may tarixində baş tutmuşdur.
1993-cü ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanmasının ardınca müstəqillik əldə edən Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk dəfə Avroviziyaya qoşuldular. Həmin illərdə Avroviziyanın ildə cəmi bir gün keçirildiyinə görə müsabiqənin yayım vaxtı 25 ölkədən artıq iştirakçının olmasına şərait yaratmırdı. 1993-cü ildə müsabiqəyə ilk dəfə qoşulmaq istəyən ölkələrin çoxluğunu nəzərə alan Avropa Yayımlar Birliyi müsabiqədə iştirak üçün Sloveniyanın paytaxtı Lyublyanada “Kvalifikacija za Milstreet” adlı seçim turu təşkil etmişdir. 7 ölkənin iştirak etdiyi seçim turunda Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk üçlükdə yer alaraq, Avroviziya 1993-də iştirak hüququ əldə etmişdirlər. Estoniya, Macarıstan, Rumıniya və Slovakiyanın isə müsabiqədə iştirakı baş tutmamışdır.
Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1993-də ev sahibi İrlandiyanı təmsil edən Niv Kavana ifa etdiyi “In Your Eyes” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İrlandiyanın müsabiqədəki beşinci qalibiyyəti Fransanın 1977-ci ildəki, Lüksemburqun isə 1983-cü ildəki rekordunu yeniləmişdir.
Maraqlı faktlar:
Həmin il baş tutan müsabiqənin ev sahibliyini etmək üçün Millstreet-dən olan iş adamı Noel C Duggan yayımçı kanala bütün xərcləri qarşılayacağını açıqlamışdı kanal da qəbul etmişdi.
Müsabiqənin baş tutduğu arena əslində müsabiqədən öncə atcılıq mərkəzi idi.