
1991 Avroviziya Mahnı Müsabiqəsi — sayca 36-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dünya şöhrətli müğənni Toto Kutunyonun ifa etdiyi “Insieme: 1992” mahnısı ilə 1990 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1991-ci ildə İtaliya 26 il sonra ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İtaliyanın paytaxtı Roma şəhərində “Cinecittà” zalında keçirilmişdir. Avroviziya 1991-in aparıcıları müsabiqədə İtaliyaya qələbə qazandırmış Cilyola Çinkvetti və Toto Kutunyo idi. Müsabiqə 1991-ci ilin 4 may tarixində baş tutmuşdur.
1991-ci ildə Malta adası 15 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin Niderlandın müharibədə həlak olan əsgərləri Anım günü ilə üst-üstə düşməsi səbəbindən Niderlandın Romada keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İsveçi ikinci dəfə təmsil etmək hüququ qazanan Karola ifa etdiyi “Fångad av en stormvind” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Müsabiqənin maraqlı məqamlarından biri səsvermənin sonunda İsveç və Fransa təmsilçilərinin bərabər səslə birinci yerdə qərarlaşmaları olmuşdur. Bənzər hal sonuncu dəfə Avroviziyada 1969-cu ildə baş vermişdir. Həmin il Avroviziyada səslərin bərabərliyi halında müsabiqədə ümumi qayda olmadığı üçün birinci yerdə qərarlaşan dörd ölkə müsabiqənin qalibi elan edilmişdir. Lakin 1991-ci ildə qalibin seçilməsi üçün xüsusi hesablama aparılmışdı. Belə ki, hər iki ölkə bərabər sayda 12 xal qazansa da, Fransa təmsilçisi dörd 10 xal, İsveç təmsilçisi isə beş 10 xal qazanmışdı. Nəticə olaraq, İsveç təmsilçisi Karola müsabiqənin qalibi elan edilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1984-cü ildə “Herreys” qrupunun təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə üçüncü qələbəsi idi.
Maraqlı faktlar:
İfaçıların postkartları üçün hər bir təmsilçidən İtalyanca mahnı ifa edilməsi tələb olunmuşdu.