
1974 Avroviziya Mahnı Müsabiqəsi — sayca 19-cu Avroviziya Mahnı Müsabiqəsidir. Ann-Mari Davidin ifa etdiyi “Tu te reconnaîtras” mahnısı ilə 1973 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1974-cü ildə müsabiqəyə dördüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Lüksemburqun dövlət kanalı ölkənin iki il ard-arda müsabiqəyə ev sahibliyi etməyə maliyyə cəhətdən hazır olmadığını açıqlamışdır. Beləliklə Lüksemburqun Avroviziya 1974-ə ev sahibliyi etməkdən imtina etməsi ilə birlikdə müsabiqəyə ev sahibliyini Böyük Britaniya beşinci dəfə öz üzərinə götürmüşdür. Müsabiqə İngiltərənin Brayton kurortunda Brayton Dome arenasında keçirilmişdir. Müsabiqə 1974-cü ilin 6 aprel tarixində baş tutmuşdur.
1974-cü ildə Yunanıstan Avroviziyaya ilk dəfə qoşuldu. Fransa prezidenti Jorj Pompidunun Avroviziya 1974 ərəfəsində dünyasını dəyişməsi səbəbindən ölkənin dövlət kanalı Braytonda keçirilən müsabiqədə iştirak etməmək qərarına gəldi. Fransanı müsabiqədə Dani “La vie à vingt-cinq ans” mahnısı ilə təmsil etməli idi.
Səsvermə sistemi bir daha dəyişdi: hər ölkədə 10 münsif üzvü hər biri ən sevdikləri mahnıya bir xal qazandırdı. İlk dəfə ölkələrin münsiflər heyətinin nəticələrini hansı qaydada verəcəyini müəyyən etmək üçün püşk atılıb. Ancaq səs vermək üçün bu üsuldan daha sonra istifadə olunmadı – 1975-ci ildən bu yana münsiflər heyətinin səs vermə qaydasına yeni səsvermə sistemi tətbiq ediləcəkdir.
Ümumilikdə 17 ölkənin iştirak etdiyi müsabiqədə İsveç təmsilçiləri qalib gəlmişdir. İsveçə bu müsabiqədə məşhur ABBA qrupunun ifa etdiyi “Waterloo” adlı mahnı qalibiyyət gətirmişdir. Bu İsveçin Avroviziyada ilk qalibiyyəti idi. Qrup müsabiqədə iştirakdan sonra dünyaca məşhurlaşır və tanınır. Eurovision mahnı müsabiqəsinin ən yaxşı mahnıları sırasında 1-ci yerə layiq görülüb.
Maraqlı faktlar:
İtaliya yayımçı kanalı Rai, təmsilçisini və mahnısını seçməyinə baxmayaraq müsabiqəni canlı olaraq yayımlamamışdı buna səbəb olaraq isə mahnılarının sözlərinin İtaliyan Boşanma referendumuna təsir edə biləcəklərini düşünmələri idi. Bütün bunlara baxmayaraq isə İtaliya həmin il 2-ci yer olmuşdu.
Katie Boyle müsabiqənin sonuncu və 4-cü dəfə aparıcısı oldu və bununla da tarixdə ən çox aparıcı olmuş kimi tarixdə adını yazdırdı.