
1969 Avroviziya Mahnı Müsabiqəsi — sayca 14-cü Avroviziya Mahnı Müsabiqəsidir. Massielin ifa etdiyi “La, la, la” mahnısı ilə 1968 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1969-cu ildə İspaniya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Madrid şəhərində Teatro Real arenasında keçirilmişdir. Müsabiqə 1969-cu ilin 29 mart tarixində baş tutmuşdur.
Həmin dövrdə İspaniyada hökm sürən diktator rejiminə etiraz olaraq Avstriya ölkədə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. 16 ölkənin iştirak etdiyi Avroviziya 1969-da dörd ölkə (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) hər biri səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi. Nəticə olaraq, gecənin sonunda hər bir dörd ölkənin təmsilçiləri qalib elan edilmişdirlər. Əgər həmin ildə Avroviziyada bərabərlik qaydası olsaydı, yalnız Fransa müsabiqənin qalibi olmalı idi.
Bu Fransanın Avroviziyada dördüncü, Niderlandın üçüncü, Böyük Britaniya və ev sahibi İspaniyanın isə Avroviziyada ikinci qalibiyyətləri idi. Avroviziya 1969-un digər yadda qalan məqamlarından biri isə dünyaca məşhur rəssam və heykəltəraş Salvador Dalinin xüsusi ilə müsabiqə üçün hazırladığı metal heykəlin final səhnəsinin bir hissəsi olması idi. Salvador Dali eyni zamanda müsabiqənin reklam işləri ilə də şəxsən məşğul olmuşdur.
Maraqlı faktlar:
Müsabiqədə Monakonu təmsil edən müğənni Jan Jakın cəmi 12 yaşı var idi.
4 ölkənin qalib gəlməsindən sonra medalların qaliblərə verilməsi prosesində kiçik dəyişiklik edilir və mahnı yazarları üçün hazırlanmış medallar da qalib gələnlərə verilir. Buna görə də yazarlar medal almırlar.